AZ

QMİ ehsan süfrələrinin zəruri olub-olmadığına niyə susur?


Azərbaycanın bir sıra bölgələrində, kəndlərində sakinlər könüllü olaraq ehsan verilməsindən imtina edib, süfrəyə yalnız çay, limon və halva qoymaqla kifayətlənsə də, təəssüflər olsun ki, paytaxtda hələ də təmtaraqlı ehsan süfrələri yığışdırılmayıb, hətta əksinə, ehsan menyusu günü-gündən daha da genişləndirilir.

Çox qəribədir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hələ bu məsələ ilə bağlı hər hansı bir bəyanat səsləndirməyib, fikir açıqlamayıb. Bəhanə tapıblar ki, ehsanın bizə heç bir aidiyyəti yoxdur. Yəni özlərini elə aparırlar ki, guya bu prosesə müdaxilə edə bilməzlər. Yaxşı, bu məsələnin QMİ-yə aidiyyəti yoxdursa, bol ehsan süfrələrinin açılmasının əleyhinədirlərsə o zaman məscidlərin yanında mərasim zalı nə gəzir, belə zallar niyə tikilir? Tikiblərsə səbəb nədir? O zaman sual yaranır ki, Təzə Pir və Heydər Məscidlərinin yanındakı mərasim zallarında ehsan niyə ləğv edilmir?

QMİ ehsan süfrəsinin ləğvi barədə niyə tövsiyə vermir? Ən azı əhalinin maddi vəziyyətini nəzərə alaraq da ehsanın çox da vacib olmadığını deyə bilər.

Fazil Əhmədli: “Əslində bu məsələ ilə hər rayonun öz icra hakimiyyəti məşğul olmalıdır”

İlahiyyatçı Fazil Əhmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələnin dinə aidiyyəti olmadığı üçün bu mövzuda xüsusi heç nə deyə bilməz. “Ancaq onu deyə bilərəm ki, bu inzibati bir məsələdir. Yəni əslində bu məsələ ilə hər rayonun öz icra hakimiyyəti məşğul olmalıdır. Bakıdan kənar rayonlarda artıq bu məsələ öz həllini tapıb, amma Bakı şəhərində hələ ki, bu qalmaqdadır. Bu çox acınacaqlı haldır və insanlar istər-istəməz çətinliyə düşür. Mən həm verilişlərdə, həm öz sosial platformalarımda bu mövzunu dəfələrlə qabartmışam və çalışmışam ki, bu məsələni təbliğ edək, insanlar çətinliyə düşməsinlər, insaları bu cür çətinliyə salmağa ehtiyac yoxdur, ehsan məclisləri sadə süfrələrlə kifayətlənsin. Sizin qoyduğunuz bu məsələyə gəlincə, mən səlahiyyət sahibi olmadığım üçün heç nə deyə bilməyəcəyəm”.

F.Əhmədli hesab edir ki, Bakıda da insanlar bundan könüllü şəkildə imtina etməli və icarəyə götürdüyü yerlərdə sadə sifarişlər verməlidir. “Yəni vətəndaş “mən yalnız çay süfrəsi açmaq istəyirəm” deyə bilər. Bu əsasən rəhmətə gedən insanın ailəsinə aid olan məsələdir. Yas vermək üçün yer götürən adamın özü sifariş verməlidir ki, mən sadə bir süfrə açmaq istəyirəm, burda yemək verməyəcəyəm. Bu daha çox qabardılmalıdır. Bu yöndə ciddi maarifləndirmə işləri aparılmalıdır”-deyə ilahiyyatçı bildirdi.

Üzeyir Şəfiyev: “QMİ-nin də vəzifələrindən biridir ki...”

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə konkret olaraq QMİ münasibət bildirməlidir: “QMİ-nin də vəzifələrindən biridir ki, bu tipli məsələlərdə ictimai tənzimləməyə dəstək versin, bu problemi tənzimləsin. Çünki məhz QMİ-nin yanındakı məsciddə də belə mərasim zalları var və orda da yas mərasimlərində israfçılığa yol verilməsi kimi hallar var. Bu yalnız QMİ-nin yanındakı Təzə Pir Məscidinə aid deyil, bütün məscidlərə aiddir”.

Ü.Şəfiyevin sözlərinə görə, həm QMİ, həm də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi insanlara israfçılığa son qoymaları ilə bağlı xitab etməlidir, onları bundan imtina etməyə çağırmalıdır. Ü.Şəfiyev qeyd etdi ki, insanların təmtaraqlı ehsan məclisləri sosial yarış xarakteri daşıyır və çox mənfi tendensiya yaradır: “İnsanlar qonşudan geri qalmamaq üçün, el qınağı, el tənəsi olmasın deyə belə yarışa qoşulublar, dəbdəbəli mərasimlər keçirirlər. Halbuki, bu bizim cəmiyyətin arxetiplərində də olmayıb, əvvəlki dini dəyərlərdə də bu yox idi. Təəssüflər olsun ki, bu gün bunu işbazlar bir industriya halına gətiriblər, bundan gəlir əldə etmək məqsədilə istifadə edirlər. Hesab edirəm ki, həm Dövlət Komitəsi, həm QMİ ortaya mövqe qoymalıdır. Bu, dövlət səviyyəsində tənzimlənən məsələ deyil, bu ictimai müstəvidə, ictimai qınaqla tənzimlənməlidir.

Məsələn, bu yaxınlarda Masallıda çox böyük nüfuz sahibi olan imkanlı bir şəxsin hüzür məclisində iştirak etdim, çox təvəzökar bir məclis idi. Həmin məclisdə ehsan yığışdırılmışdı. Masallıda da, Azərbaycanın əksər rayonlarında da bu ehsan məclisləri yığışdırılıb. Bu Bakıda niyə tətbiq olunmasın? Demək burda neqativ məqsədlər güdən işbazlar var ki, bu mərasim industriyası hesabına gəlir əldə etmək istəyirlər və insanları da “sosial yarışa” qoşurlar. Halbuki, hüzrü düşən insan bilmir yasını tutsun, yoxsa gələn insanları təmtəraqlı şəkildə qarşılayıb yola salısın ki, insanların qınağına tuş gəlməsin. Hesab edirəm ki, bu məsələdə QMİ ortaya mövqe qoymalıdır. Söhbət təkcə təbliğat-təşviqat məsələlərindən getmir, QMİ cəmiyyətə xitab etməlidir. Eyni zamanda çox yaxşı olardı ki, imkanlı, zəngin şəxslər sadə yas məclisləri keçirməklə digər təbəqələrə də bir örnək olsunlar. Sadə insanlar görəcəklər ki, imkanlı, zəngin insanlar öz hüzür məclislərini sadə keçirirlər, ehsanı yığışdırırlar, onlar da yığışdıracaqlar. Ona görə də hesab edirəm ki, bu bir ictimai məsələdir”.

Ü.Şəfiyevin sözlərinə görə, həm sahibkarlar, biznes adamları, vəzifəli şəxslər, imkanlı insanlar cəmiyyətə örnək olmalıdır, həm də QMİ təbliğat aparıb cəmiyyətə xitab etməlidir ki, israfa yol açan, insanları ağır xərcə salan ehsan məclisləri yığışdırılmalıdır. “Ehsan məclisi çay süfrəsi ilə başlamalı və yekunlaşmalıdır. Güman edirəm ki, bu işdə həm mətbuatın, həm cəmiyyətin üzərinə məsuliyyət düşür. Sizlər çox böyük işlər həyata keçirirsiniz. Məhz mətbuatın apardığı təbliğat-təşviqat işinin nəticəsidir ki, artıq bir neçə rayonda ehsan məclisləri yığışdırılıb.

Bir məsələni də deyim: Əvvəllər el-oba yığışıb hüzrü düşən adamlara kömək edirdi, məclisləri camaat təşkil edirdi, hətta yas evinin yeməyini də onlar hazırlayırlardılar, xahiş-minnət edirdilər ki, yemək yesinlər. Təsəvvür edin ki, indi ölüsü düşən insan bir tərəfdən ölüsünün qayğısına qalır, qəbir yeri axtarır, o biri tərəfdən mərasimi necə yola verəcəyini düşünür. Bu nə islama, nə də cəmiyyətin mənəvi dəyərlərinə yaraşan haldır. Güman edirəm ki, bu ehsan məclisləri birmənalı şəkildə yığışdırılmalıdır. Bu, ictimai qınaqla, ictimai tənzimlənmə, imkanlı şəxslərin örnək addımları ilə həll edilməlidir”-deyə Ü.Şəfiyev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
2
baki-xeber.com

1Mənbələr