AZ

Bakı sayı 13 ə yüksəltdi, Moskva oxları çevirdi Hücum üçün yeni bəhanə

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

00

Azərbaycan qazının Suriyaya ixracı beynəlxalq siyasi arenanın gündəmindədir. Rəsmi Bakı həm Qərb, həm də Şərq istiqamətində enerji diplomatiyasını getdikcə gücləndirir və bu, Azərbaycanın regional enerji bazarındakı rolunu daha da möhkəmləndirir.

Lakin məsələ artıq bəzi dairələrdə qıcıq yaratmağa başlayıb. İddialara görə, Rusiya neft və enerji bazarında əlaqələrinin sıxışdırılması və bir müddətdir davam edən Bakı-Moskva gərginliyi fonunda Azərbaycanın Suriyaya qaz ixracı məsələsinə birmənalı yanaşmaya bilər.

Bu prosesin Moskvadan Bakıya qarşı əlavə təzyiqlərə səbəb olması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a açıqlamasında politoloq Mətin Məmmədli bildirib ki, son dövrlərdə Azərbaycanın enerji diplomatiyası nəzərəçarpacaq dərəcədə fəallaşıb və bu, ölkəmizin regional, qlobal enerji bazarındakı rolunu daha da gücləndirib:

“Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu siyahıya son olaraq Suriya da əlavə olunub. Sözügedən fakt Azərbaycanın enerji siyasətinin nə qədər çevik və strateji olduğunu göstərir. Ölkəmiz bir çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası, ilk növbədə milli maraqlara əsaslanır, eyni zamanda digər dövlətlərin də maraqları nəzərə alınır. Bu isə onu regional əməkdaşlığın mühüm elementi kimi önə çıxarır”.

Mətin Məmmədli

Həmçinin oxuyun:

Bakı iki ölkə ilə razılaşdı, vacib prosesə start verildi – Yaxın illərdə…

Politoloqun sözlərinə görə, Azərbaycanın enerji sahəsində artan rolu bəzi dairələri, xüsusilə də Moskvadakı müəyyən gücləri narahat edə bilər:

“Bəzi siyasi dairələrin Azərbaycanın uğurlu enerji siyasətini təhdid kimi qəbul etməsi mümkündür. Lakin bu, tamamilə əsassız və qeyri-obyektiv yanaşmadır. Azərbaycan heç bir dövləti hədəf almır, əksinə, əməkdaşlıq platformaları yaradır. Rəsmi Bakı balanslaşdırılmış və rasional xarici siyasət yürüdür.

Biz bu siyasəti həyata keçirərkən heç kimin əleyhinə fəaliyyət göstərmirik”.

Mətin Məmmədli əlavə edib ki, Azərbaycanın müstəqil siyasəti və artan nüfuzu bəzi ölkələrdə qıcıq yaradır, nəticə olaraq bunun fonunda müəyyən təzyiqlər də mümkündür:

“Kremldən Bakıya qarşı təzyiqlərin artması ehtimalı realdır. Onlar Azərbaycanın enerji sahəsindəki fəallığını bəhanə gətirərək müəyyən ittihamlarla çıxış edə bilərlər. Lakin bu cəhdlər əhəmiyyətsizdir və nəticə verməyəcək. Azərbaycanın mövqeyi aydındır, biz heç kimi hədəf almadan, beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanaraq öz maraqlarımızı qoruyuruq”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
globalinfo.az

1Mənbələr