Avtomobildə yanğın riskini artıran
Son günlər ölkə ərazisində avtomobillərin yanması ilə bağlı hadisələrin sayı artmaqdadır. Bu tip yanğınların baş vermə səbəbləri müxtəlif olsa da, əsas faktor kimi yay aylarında havaların normadan artıq istiləşməsi ön plana çıxır. Xüsusilə uzun məsafəli səfərlər, avtomobilə lazımi texniki qulluq göstərilməməsi, mühərrik və elektrik sistemlərinin baxımsız qalması bu riskləri daha da artırır. Belə hallarda nəinki avtomobilin sıradan çıxması, hətta insan həyatının təhlükə altına düşməsi də mümkündür. Mütəxəssislər sürücülərin ehtiyatsız davranışlarının və texniki nəzarətsizliyin ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər. Metbuat.az-a danışan avtomobil ustası Əli Əliyev bildirib ki, sürücülər yay aylarında bəzi vacib texniki detallara xüsusi diqqət yetirməlidirlər.Avtomobil ustasının sözlərinə görə, yay aylarında temperaturun yüksəlməsi avtomobillərdə yanma riskini artırır:“Əsas səbəblərdən biri avtomobillərin elektrik sistemindəki nasazlıqlardır. Xüsusilə, sonradan quraşdırılan avadanlıqların naqil sistemləri zəif olur, izolyasiya olunmur və nəticədə qızaraq alışma yaradır. Yay aylarında hava çox isti olduğu üçün bu naqillər daha tez qızır və alışma ehtimalı artır. Məsələn, avtomobillərin ön hissəsinə zavod istehsalı olmayan işıqlar quraşdırılır. Bu işıqların gücü çox olur və nəticədə normadan artıq qızaraq yanğına səbəb ola bilir”.Əli Əliyevin sözlərinə görə, akkumulyator və elektirik generatoru (dinamo) sistemindəki nasazlıqlar da yanğına səbəb ola bilər:“Əgər dinamo lazımi qədərdən artıq enerji ötürürsə, bu zaman akkumulyator qızaraq alışa bilər. Ümumiyyətlə, zəif və keyfiyyətsiz naqillər, izolyasiyasız montaj edilmiş cihazlar və sonradan əlavə olunan aksessuarlar yanğın riskini artırır”.O, yanacaq sistemindəki nasazlıqlara da diqqət çəkib:“Benzin sistemində olan rezin şlanqlar, kipçəklər, borular isti və soyuq havaların təsirindən çatlayır. Bu zaman benzin mühərrikin üzərinə axır və oradakı yüksək temperatur səbəbindən alışma baş verir. Dizel sistemində də bu cür hallar mümkündür. Mühərrikdə yağ sızmaları və soyutma sistemindəki nasazlıqlar da yanma riskini artırır. Araqatdan sızan mühərrik yağı qızmış hissələrə tökülərsə, alışma yarana bilər. Soyutma sistemində nasazlıq olarsa və mühərrik həddən artıq qızarsa, bu da risk yaradır. Əyləc sistemində də uzun məsafələrdə və dağ yollarında əyləc diskləri və bəndləri qızır, nəticədə təkər hissəsindəki plastik detallarda alışma ola bilər”.Usta qeyd edib ki, hər bir avtomobildə mütləq şəkildə 1 kiloluq yanğınsöndürən balon olmalıdır. Bu, hadisə baş verdiyi halda dərhal müdaxilə üçün vacibdir.
Ə.Əliyev sürücülərə avtomobilə minməzdən əvvəl kapotu qaldıraraq mühərrikdə hər hansı bir yad iyin olub-olmadığını yoxlamağı, uzaq yola çıxmazdan əvvəl avtomobili ustaya göstərməyi, yağ və yanacaq sızmalarını nəzarətdə saxlamağı tovsiyyə edib.Ülkər Cəlilzadə / Metbuat.az