BAKI, 4 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalı və “yenidən satılması” üçün Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağını bildirib
Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
"Hindistan nəinki böyük həcmdə Rusiya nefti alır, həm də aldığı neftin böyük hissəsini açıq bazarda əhəmiyyətli gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ABŞ-yə ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracam", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin Hindistana 25% rüsum tətbiq etdiyini bildirmişdi. Onun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, ABŞ "çox yüksək tariflər" və "sərt və pis qeyri-monetar maneələr" səbəbindən Hindistanla "nisbətən az" ticarət edir.
Tramp qeyd edib ki, Hindistan “hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan alıb” və Rusiyanın enerji resurslarının “ən böyük alıcısı olan Çinlə bir yerdədir”.