Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında Zəngəzur dəhlizinin açılması ilə bağlı ayrıca bir müddəa olmasa da bu, hər zaman gündəmdədir. Son zamanlar dəhlizin fərqli statuslarda açılması ilə bağlı informasiyalar verilir. ABŞ-yə məxsus hansısa şirkətin icarəsi əsasında Zəngəzur dəhlizinin açılmasından danışılır. Sözsüz ki, İran əvvəllər olduğu kimi, yenə də dəhlizin açılmasına qarşıdır. Rəsmi Tehran bununla ərazisindən keçən kommunikasiya xəttlərinin sıradan çıxarılacağından ehtiyat edir.
Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Zəngəzur dəhlizi və onun ətrafında yaranan müzakirələri şərh edərkən deyib.
O, Azərbaycanın Zəngəzur dəhlizinin heç bir maneə olmadan açılması ilə bağlı konkret mövqeyinin olduğunu bildirib: “Bu xüsusda dəhlizin hansısa icarə əsasında açılması ilə bağlı ilkin ehtimallar da fərqlidir. Sözsüz ki, Amerika şirkətinin, əsgərinin dəhlizə nəzarət etməsini region ölkələri özü üçün əlavə problem hesab edir. İran və Rusiya bu məsələdə olduqca həssas davranır. Kreml bunu birbaşa özü üçün təhdid sayır”.
Politoloq hesab edir ki, Amerikanın bölgəyə gəlməsi heç bir dövlət üçün faydalı deyil: “Azərbaycan, Ermənistan və digər qonşular üçün bunun müsbət tərəfləri yoxdur. Bu, əslində bölgədə ABŞ şirkəti adı ilə NATO-nin bir bazasının yaranması deməkdir. Ona görə də Amerika şirkətinin Zəngəzur dəhlizini icarə əsasında açması sual altındadır. Amma bu, daha çox Ankara-Vaşinqton razılaşması fonunda baş tuta bilər. Razılıq əsasında türk əsgərinin bölgəyə yerləşdirilməsi ehtimalı var”.
Ramiyə Məmmədovaya görə, dəhlizin ABŞ şirkətinin icarəsi əsasında açılması Ermənistanın Baş naziri Nikol Paşinyan üçün də əlavə problemlər yarada bilər: “Bu baxımdan Zəngəzur dəhlizi məsələsində bölgə dövlətlərinin, xüsusilə Türkiyə, İran və Rusiyanın ümumi razılığının olması da mümkündür. Bütün bunların fonunda Azərbaycanla Ermənistanın sülh danışıqlarında əldə etdikləri irəliləyişləri Zəngəzur dəhlizi məsələsində təkrarlaması istisna edilmir. Beləliklə, üçüncü qüvvənin bölgəyə daxil olmasının qarşısı alınar”.