AZ

İranın günahı etiraf edildi Pezeşkiana siyasi hücumun SƏBƏBİ

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın İran-Azərbaycan münasibətləri ilə bağlı son açıqlamaları ölkə daxilində ciddi rezonans doğurub. O, bu münasibətlərin gərginliyinə görə məsuliyyətin Tehrana aid olduğunu bildirib və bu yanaşması ilə illərdir rəsmi mövqelərlə formalaşmış ritorikanı sarsıdıb.

"Azərbaycan bizim qohumumuz və doğmamızdır. Necə ola bilər ki, mən oraya gedib razılaşma əldə etməyim, amma İsrail gəlib bu işi görsün?! Bizim problemimiz nədədir ki, öz bacı-qardaşlarımızla dostcasına və sağlam əlaqə qura bilməmişik, İsrail isə gəlib orada nüfuz qazanıb. Günahkar bizik, onlarda təqsir yoxdur", - deyə verdiyi sual Pezeşkianın regiona fərqli baxışını ortaya qoyur.

Lakin bu cəsarətli mövqe təkcə müsbət qarşılanmayıb - artıq onun hakimiyyətdən getməsinə çağırış edənlər də var.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Güney azərbaycanlı fəal, siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Məsud Pezeşkian Azərbaycan ictimaiyyəti üçün İran prezidentindən daha çox, Azərbaycan övladı kimi qarşılanır:

"Ən azından, mənim müşahidələrimə əsasən, rəsmi görüşlər və ictimaiyyətin rəftarı bunu deməyə əsas verir. Bunu da mən çox xoş niyyətlə qarşılayıram. Çünki Məsud Pezeşkian, sadəcə, İran prezidenti deyil, Azərbaycan və türklüyün hücuma məruz qaldığı sistemdə millətini müdafiə edən və onunla qürur duyan insandır. O, statusuna baxmayaraq, vətən anlayışına sahib çıxıb. Bunu da reklam üçün etməyib, illərdir onun yanaşması belədir və bu yanaşmasını pozmayıb".

"Bunu da unutmayaq ki, İran rejimi həm beynəlxalq, həm də daxili siyasətdə tam təcrid olunduğu zamanda məhz Pezeşkianın sülhyönümlü mövqeyi hesabına özünü xilas etməyə çalışıb. Əks halda, onun prezident seçilməsinə imkan verilməzdi. Yəni Tehran rejiminin ona ehtiyacı var idi. Lakin Məsud Pezeşkian islahatçı olmasına rəğmən, farslar ona yox, mühafizəkar rəqibinə səs verməyi üstün saydılar. Pezeşkianı isə daha çox, yalnız azərbaycanlılar deyil, bütün qeyri-farslar sevir, dəstəkləyirlər. Bu baxımdan, Azərbaycanla bağlı son açıqlamasından sonra o, daha çox hücuma məruz qalmağa başladı", - deyə ekspert vurğulayıb.

Müsahibimiz İran siyasi sistemində prezident vəzifəsinin formal xarakter daşıdığını əlavə edib:

"İranda rəhbər şəxs Ali Liderdir. O, daxili və xarici siyasətin ana xətlərini müəyyən edir. Prezident isə sadəcə, bu siyasəti həyata keçirir. Bu baxımdan, Pezeşkian bu mövqeyini qorumağa davam etsə, daha çox hücuma məruz qalacaq və sistem onu qəbul etməyəcək".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
oxu.az

1Mənbələr