Azərbaycanın ilk ali təhsilli neftçi qadını Minirə Məmmədbəyli vəfat edib.
Bunu Moderator.az-a açıqlamasında tanınmış şəxsiyyətin qızı Aytən Həmidova deyib. O bildirib ki, anası hər zaman azərbaycanlı olması ilə fəxr edib:
“Anamın ilk iş yeri Neft daşları olub. Neft daşlarında işləyən ilk azərbaycanlı və ali təhsilli, netçi, geoloq qadın idi. Hətta o vaxt Şövkət Ələkbərova anama “Bakılı qız” adlı bir mahnı da həsr etmişdi. Neftçi olmaq anamın uşaqlıq arzusu idi. Hətta nənəm anamın dənizdə çalışdığını biləndən sonra ona mane də olmaq istəyib. Anam mərhum alim Xoşbəxt Yusifzadə ilə birlikdə çalışıb. Anam danışırdı ki, Neft daşlarında işləmək çox çətin idi. Amma bununla belə öz işini, vətənini sevirdi. Azərbaycan qadınını xoşbəxt, güclü, zəhmətkeş görmək istəyirdi. Anam Neft daşlarında çalışarkən onun rəsmini ilk qadın rəssamımız Vəcihə Səmədova çəkib. O danışırdı ki, Vəcihə xanım təxminən 4-5 ay bir şəkilin üstündə işlədi. Həmişə də anama deyirdi ki, “Minirə, portret çəkmək, neft çıxarmaqdan asan deyil ha, səbirli ol” deyə o bildirib.
Aytən xanım bildirib ki, anası 93 yaşında vəfat edib:
“Xəstəliyi iyun ayında lap sürətlə getdi. Artıq heç evdən çıxmırdı. Evin içində də pis gəzirdi. Yataqda cəmi 10 gün qaldı” deyə o bildirib.
Qeyd edək ki, Minirə Məmmədbəylinin rəhbərliyi ilə 1979-1984-cü illərdə Xəzər Dənizi, Qara Dəniz, Baltik dənizi, Oxot dənizi, Ağ dənizdə geoloji kəşfiyyat işləri aparılıb. O həmçinin
geologiya sahəsində 50-yə yaxın elmi məqalənin müəllifi olub.
Allah rəhmət etsin!


