Qana Səhiyyə Xidməti ölkədə meymunçiçəyi virusu ilə bağlı vəziyyətin gərginləşdiyini açıqlayıb. May ayından bəri 302 nəfərin yoluxduğu virusa qarşı peyvənd kampaniyasının davam etdiyi ölkədə, iyulun 28-də virusdan ilk ölüm faktı qeydə alınıb. Artan yoluxma sayı epidemiya riskinin hələ də aktuallığını qoruduğunu göstərir.
Bəs Azərbaycanda meymunçiçəyi virusuna qarşı peyvənd kampaniyası başlamalıdırmı?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, meymunçiçəyinin dünyada yayılması ilə bağlı narahatlıq var.
Onun sözlərinə görə, bu, çiçəkvirusu ailəsinə aiddir və təhlükəli karantin infeksiyası hesab olunur:
“Lakin meymunçiçəyi təbii çiçək virusu qədər aqressiv deyil. Təbii çiçək virusu XIX–XX əsrlərdə milyonlarla insanın ölümünə səbəb olmuşdu. Bu ölümcül virus 1980-ci ildə vaksinasiya sayəsində tamamilə yox oldu və həmin dövrdən bəri xəstələnmə halları qeydə alınmayıb. Amma əgər bu virus yenidən yayılsa, 1980-ci ildən sonra doğulan insanların böyük əksəriyyəti peyvəndsiz olduğuna görə risk altında sayılmış olar”.
Adil Qeybulla meymunçiçəyi virusunun daha az aqressiv olduğunu vurğulayıb:
“Xəstəliyin simptomlarına qızdırma, səpkilər, baş və bel ağrıları, oynaq ağrıları və intoksikasiya əlamətləri daxildir. Əgər xəstəlik vaxtında aşkarlanmasa və xüsusilə yanaşı xəstəlikləri olan insanlara yoluxarsa, ağırlaşmalar, hətta ölüm halları baş verə bilər. Sevindirici haldır ki, bu virusun əleyhinə peyvənd mövcuddur. Hesab edirəm ki, peyvənd vasitəsilə virusun qarşısını almaq mümkündür. Meymunçiçəyinin dünyada geniş şəkildə yayılacağını düşünmürəm. Əsas məsələ vaxtında diaqnostika və yoluxma hallarının lokallaşdırılaraq yayılmasının qarşısının alınmasıdır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta