AZ

Supermarketlərdə "qiymət oyunu" -

Son günlər bəzi satış məntəqələrində endirimdə göstərilən məhsulların kassada əvvəlki – daha yüksək qiymətlə hesablanması halları müşahidə olunur. Bu zaman alıcılara bildirilir ki, endirim müddəti başa çatıb. Vətəndaşlar belə halların mütəmadi təkrarlanmasından narazılıq edirlər.Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür halların geniş yayıldığını və istehlakçı hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib. “Müasir supermarketlər və texnologiyalar yayıldıqca, texniki vasitələrlə istehlakçıların aldadılması da artır. Ən ciddi məsələlərdən biri odur ki, rəfdə məhsulun qiyməti aşağı göstərilir, lakin kassada daha yüksək qiymət çıxır. Bu, açıq şəkildə istehlakçı hüquqlarının pozulması və gizli qiymət artımıdır. Təəssüf ki, bu problem son 10-18 ildə çox geniş yayılıb və hökumət bu istiqamətdə hələ də ciddi addımlar atmır”.Ekspertin sözlərinə görə, bu cür hallarla üzləşən istehlakçıların ilk növbədə hüquqlarını bilməsi vacibdir:“Alıcı rəfdə gördüyü qiymətlə məhsulu almağa haqlıdır. Əgər kassada daha yüksək məbləğ hesablanıbsa, təlaşa düşməsin, məhsulun və qiymət etiketinin şəklini çəksin, daha sonra mağaza rəhbərliyinə iradını bildirsin. Əksər hallarda həmin anda məsələ düzəldilir və səhv olduğunu etiraf edirlər. Əgər problem həll olunmazsa, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət göndərmək olar".Eyyub Hüseynov qeyd edir ki, bu cür hallara yalnız qiymət etiketi ilə məhdudlaşmayan, daha irimiqyaslı aldatmalar da daxildir:“Məsələn, bizə edilən bir şikayətdə vətəndaş 86 qəpiyə badımcan alıb, lakin kassada ona 36 manatlıq ekzotik meyvənin qiyməti tətbiq edilib. Əgər çekini və SMS-i yoxlamasaydı, bu aldatmadan xəbərsiz qalacaqdı. Qabıqlı qoz alırsan, amma kassada onu ləpə qozun yəni daha bahalı məhsulun qiyməti ilə hesablayırlar".Ekspert kartla ödəniş zamanı xüsusilə diqqətli olmağı tövsiyə edir:“İstehlakçılar mağazanı tərk etməzdən əvvəl kartlarına gələn SMS-i və kassa çekini mütləq yoxlasınlar. Hər hansı uyğunsuzluq aşkarlandıqda dərhal irad bildirilsin və məsələ yerindəcə həll olunsun. Çünki bəzi hallarda almadıqları məhsul da onlara ödətdirilir.”Eyyub Hüseynov əlavə edib ki, bu cür hallar nəticəsində vətəndaşlar hər il yüz milyonlarla manat vəsait itirirlər:“Azərbaycan istehlakçıları yalnız almadıqları mallara görə ildə 500 milyon manata yaxın vəsait ödəyirlər. Məsələn, Bakının Nizami küçəsində yerləşən mağazaların birində bir il ərzində 100 manat dəyərində aldatma cəhdi qeydə alınıb”.Eyyub Hüseynov sonda vətəndaşlara çağırış edərək bildirib ki, belə hallarla rastlaşdıqda passiv qalmamaq, haqlarını tələb etmək və qanuni prosedurlarla irad bildirmək lazımdır.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
64
1
metbuat.az

2Mənbələr