“Nyukasl”ın baş məşqçisi Eddi Hou transferə can atan hücumçu Aleksander İsakın vəziyyəti ilə bağlı sərt mövqe sərgiləyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis isveçli futbolçunun komandadan kənarda məşq etməsi ilə bağlı sualları cavablandırıb:
“Biz “Nyukasl”ıq. Hər bir oyunçu komandada məşq etmək hüququ qazanılmalıdır.
Futbolçu düzgün davranmalı, komandanın bir parçası kimi hərəkət etməlidir. Heç kim səhv davranaraq normal məşqə çıxmağı gözləyə bilməz”.
Hou əlavə edib ki, İsak komandaya qayıtdıqdan sonra onunla hələ danışmayıb, ancaq onun bu həftə ərzində məşqlərə qoşulacağını gözləyir:
“Əlbəttə, istəyərdim ki, o məşqdə olsun. Amma hələ bilmirəm, gələcəkmi?”
İsak “Real Sosyedad”ın bazasında fərdi məşqlər keçir. “Liverpul” onun üçün 110 milyon funt sterlinq+bonus təklif etsə də, “Nyukasl” bunu rədd edib. Futbolçunun özü isə keçidə müsbət yanaşır.