BAKI, 5 avqust. TELEQRAF
Rusiya "Şahed" tipli zərbə dronlarını tank əleyhinə mina kasetləri ilə təchiz etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə radioelektron mübarizə sahəsində mütəxəssis Sergey "Fleş" Beskrestnov öz “Telegram” kanalında bildirib.
"Təəssüf ki, bizim yeni problemimiz var. Bu gün bir neçə bölgədə qanadları altında iki ədəd PTM-3 tank əleyhinə mina kaseti daşıyan "Şahed" dronu qeydə alınıb", - o yazıb.
Mütəxəssisin sözlərinə görə, bu minalar maqnit detonatoruna malikdir. Onlar yaxınlıqdakı texnikaya reaksiya verirlər.
"Hələlik onların nəyi və niyə minalamaq istədiyi məlum deyil. Ola bilər onlar yollarda terror aktları törətmək, yaxud kənd təsərrüfatımıza hücum etmək niyyətindədirlər. Belə əşyalara diqqət yetirməyi və aşkar edildikdə maşınla onlara yaxınlaşmamağı xahiş edirəm", - o vurğulayıb.