AZ

Abonent nəyə görə ödəniş etdiyini bilməlidir - İqtisadçı

Suya, qaza, işığa görə ödəniş  edirsə, niyə suyu, işığı kəsilməlidir

Günəşin yerə od yağdırması bəs deyilmiş, bir tərəfdən su qıtlığı əhalinin "hərarətini" artırıb. Paytaxtın əksər bölgələrində içməli su qıtlığı yaşanır. "Su qıtlığı olacaq", deyilirdi, amma məhz bu qızmar istilərdə insanların su ilə imtahana çəkilməsi dözülməzdir. Məsələ burasındadır ki, su problemi yaşayanlar bunun nədən baş verdiyini bilmir. Su sərfiyyatına görə borcu olmayan abonent "suyun pulunu hər ay ödəyirik, amma su qıtdır. Əziyyət çəkirik", deyirlər. 

Borcu olanlarasa şad xəbər verilib. Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında deyilir. Bildirilir ki, bunun üçün vətəndaşlar yerli su-kanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:

"Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər". 

Qeyd edək ki, ölkədə su tarifləri 2021-ci ildə yenilənib. Həmin vaxta qədər Bakı, Abşeron üzrə 1 kub-metr suyun qiyməti 35 qəpik olub. 2021-ci ildə su tarifləri dəyişdirilərək 70 qəpik olub. Qiymət dəyişikliyi su tariflərinin faktiki xərcləri tam qarşılamadığı ilə əsaslandırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər. Lakin hələ ki bu istiqamətdə konkret təkliflər müzakirə olunmur. 

İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında abonentlərin su sərfiyyatına görə borclarının hissə-hissə ödənilməsinə şərait yaradılmasını müsbət hal adlandırdı: 

- Əlbəttə, bu, müsbət haldır. Ola bilər, elə abonent var, su sərfiyyatına görə borcu yüksək məbləğ təşkil edir, birdəfəyə ödəməkdə çətinlik çəkir. Ona imkan yaradılır ki, borcunu hissə-hissə ödəsin. Bu, yaxşıdır. Amma kommunal, təchizat sektorundakı idarə və müəssisələr, agentliklər istehsal və xidmətə görə xərclərin şəffaflığını təmin etməlidir. Bir çoxları məhz bunu əsas gətirir ki, xərcləri borclarını ödəmir. Təbii qaz, elektrik enerjisi, su təchizatı, məsələn, metropoliten də, daim şikayət edirlər ki, xidmət haqqı guya əslində bahadır, amma onlar aşağı qiymət tətbiq edirlər. Bu açıq və qapalı cəmiyyətlər xərclərini, bir sərnişinə, yaxud bir abonentə göstərdikləri xidmətin dəqiq dəyərini açıqlamalıdırlar. Dövlətdən bu sahələrin hər birinə dotasiya ayrılır. Bu dotasiya hara və necə xərclənir, bilinməlidir. Abonent nəyə görə ödəniş etdiyini bilməlidir. Abonent suya, qaza, işığa və s. görə ödəniş  edirsə, niyə suyu, işığı kəsilməlidir, əgər hansısa qəza, fövqəladə hal baş verməyibsə.
Seçilən
45
1
sherg.az

2Mənbələr