Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədət İmranzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə bu il Şəmkir rayon Yuxarı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, Mədət İmranzadə qardaşı, zərərçəkmiş Mahir İmranzadənin (adı, soyadı şərtidir) yaşadığı evin qarşısında dəmir çəni təmir etməsini görüb, ona yaxınlaşıb. O, dəmir çənin özünə məxsus olmasını bildirdikdən sonra onların aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib. Bu zaman Mədət yerdən götürdüyü armatur parçası ilə qardaşının sol qoluna və sol ayağına qəsdən vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Mədət İmranzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov