“The Guardian” hindistanlı politoloq Pratap Bhanu Mehtaya istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın Hindistanı Rusiya neftinin alışı ilə bağlı məhdudiyyətlər tətbiq etməklə hədələməsi Yeni Dehlinin Vaşinqtona inamını sarsıdıb.
“Zərər artıq vurulub. İndi hansı sövdələşmə nail olunsa belə ABŞ-yə olan inamsızlıq yalnız artacaq”, – deyə politoloq vurğulayıb. Mehta həmçinin bildirib ki, Tramp Hindistanın Pakistanla münaqişəsində özünü baş vasitəçi adlandırdıqdan sonra artıq Hindistanın Baş naziri Narendra Modini alçaldıb.
Tramp avqustun 4-də bildirib ki, Vaşinqton Hindistandan gələn mallara rüsumları əhəmiyyətli dərəcədə artıra bilər, çünki ölkə Rusiya neftini almağa davam edir. O, həmçinin Hindistanı Ukraynadakı hərbi əməliyyatları dolayısı ilə maliyyələşdirməkdə ittiham edib.