BAKI, 5 avqust. TELEQRAF
"ExxonMobil" 10 illik fasilədən sonra Liviyada fəaliyyətini bərpa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "ExxonMobil" ilə qarşılıqlı anlaşma memorandumu imzalayan Liviyanın Milli Neft Korporasiyasının (National Oil Corporation NOC) sosial media hesabında məlumat yayıb.
"Mememorandumun əsas müddəaları şirkətin ölkənin şimal-qərb sahilləri və Sirt körfəzi hövzəsində yerləşən dörd dəniz blokunda ətraflı texniki tədqiqat aparmasını nəzərdə tutur", – deyə açıqlamada bildirilib.
Memorandumun həm də Milli Neft Korporasiyası ilə Liviyada 10 illik fasilədən sonra fəaliyyətini bərpa etmək istəyən "ExxonMobil" arasında əməkdaşlığa və tərəfdaşlığın yenilənməsinə yol açdığı vurğulanır.
Qeyd edək ki, OPEK-in üzvü olan Liviya, Afrikada ən böyük karbohidrogen ehtiyatlarına malik ölkədir. 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlamazdan əvvəl, Liviya gündəlik 1,6 milyon barel hasilatla dünyada 12-ci ən böyük neft ixracatçısı idi. 2011-ci ildən sonra Liviyada yüksək siyasi gərginlik və enerji sektorundakı problemlər səbəbilə xarici şirkətlərin fəaliyyəti ciddi şəkildə azaldı. Bir çox müqavilələr dayandırıldı. Son illərdə isə Liviyanın hakimiyyət orqanları xarici şirkətlərin geri qayıtması üzərində çalışır və yeni tərəfdaşları əməkdaşlığa dəvət edir.