Bu gün Azərbaycanda Hərbi Dəniz Donanması Günü kimi qeyd olunur. Əlamətdar gün, ölkənin hərbi tarixində mühüm yerə sahib olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaradılmasına həsr olunub.
Sfera.az xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əsası 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.
Həmin il iyul ayının 5-də Bakı limanında yerləşən keçmiş çar donanmasının gəmiləri və dəniz avadanlıqları Azərbaycan hökumətinin nəzarətinə keçib və bu tarix rəsmi olaraq milli dəniz donanmasının yaradılması günü kimi qəbul edilib.
SSRİ dövründə Xəzər dənizində yerləşən hərbi dəniz bazaları birbaşa Sovet İttifaqının müdafiə sisteminə tabe idi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti müstəqil şəkildə yenidən təşkil olundu. Bu mərhələdə ölkənin su sərhədlərinin mühafizəsi və Xəzər dənizində milli maraqların qorunması məqsədilə donanmanın inkişafına ciddi önəm verildi.
Azərbaycan Respublikası Prezidentin Ulu Öndər Heydər Əliyevin 1996-cı il 5 iyul tarixli sərəncamı ilə bu gün rəsmi olaraq “Azərbaycan Hərbi Dəniz Donanması Günü” kimi təsis olundu. O vaxtdan etibarən hər il 5 iyul tarixində ölkənin dənizçilərinə ehtiram göstərilir, donanmanın keçdiyi şərəfli yol xatırlanır.
Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayır. HDQ təkcə ölkə ərazisini deyil, həm də enerji infrastrukturlarını, boru kəmərlərini və neft-qaz platformalarını mühafizə edən strateji qüvvədir. Hazırda Hərbi Dəniz Qüvvələri müasir texnika və avadanlıqla təchiz olunub, şəxsi heyət isə beynəlxalq standartlara uyğun təlimlərə cəlb edilir.
Bəsti Rəfizadə
Sfera.az