BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində avqustun 5-də Türkmənistanın Avaza kurort şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünə hazırlıq məsələləri müzakirə olunub. Müzakirələrdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan prezidentləri, həmçinin Qırğızıstanın Baş naziri iştirak ediblər.
AZƏRTAC “Turkmenistan segodnya” rəsmi qəzetinə istinadla xəbər verir ki, tədbiri açan və dövlət başçılarını salamlayan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında iştiraka dəvəti qəbul etdiyinə görə dövlət və hökumət başçılarına təşəkkürünü bildirib, həmçinin Mərkəzi Asiya liderlərinin hazırkı iclasının əhəmiyyətini qeyd edib. O bildirib ki, Avazada bu görüş qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının yeddinci Məşvərət görüşünə hazırlıq mərhələsidir.
Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin “Əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” ordeni ilə təltif edilməsi haqqında Türkmənistan Prezidentinin müvafiq Sərəncamının mətnini oxuyub.
O, yüksək dövlət mükafatını Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
Mərkəzi Asiya liderləri daha sonra qarşıdakı Məsləhət görüşünün gündəliyinə daxil edilən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.