Avqustun 2-də Türkiyənin Kilis şəhərində bölgənin enerji və diplomatiya tarixində yeni səhifə açan bir mərasim baş tutdu. Azərbaycanın təbii qazının ilk dəfə olaraq Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə start verildi. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mərasimdə qeyd edib ki, bu, yalnız bir boru kəmərinin açılışı deyil, eyni zamanda Türkiyə, Azərbaycan və Suriya arasında əməkdaşlığın enerji vasitəsilə gerçəkləşən nadir bir nümunəsidir. Məlumata görə, SOCAR-la razılaşdırılmış “swap” mexanizmi sayəsində Azərbaycan qazı Türkiyənin Kilis vilayətindəki “Yavuzlu Ölçmə” Stansiyasından Suriyanın Hələb və Homs şəhərlərinə ötürüləcək.
Burada məqsəd təkcə enerji təminatı deyil, həm də Suriyanın dağıdılmış enerji infrastrukturunun bərpası və bölgədə həyatın normallaşmasına dəstək verməkdir. Gündəlik 6 milyon kubmetr qaz axını ilə 1200 meqavatlıq elektrik istehsalı hədəflənir. Bu da həm Suriyanın enerji sabitliyinə töhfə verəcək, həm də regionda sosial-iqtisadi reabilitasiyanı sürətləndirəcək. Bu mühüm enerji əməkdaşlığı həm də Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqazdan kənara – Yaxın Şərqə doğru genişləndiyini göstərir. Azərbaycanın Suriyaya qaz ixracına başlaması beynəlxalq aləmdə də ciddi əks-səda doğurub. Çünki bu, təkcə iqtisadi deyil, həmçinin geosiyasi baxımdan tarixi bir hadisədir. İlk dəfədir ki, Suriya uzun illər müharibə şəraitində olmuş, infrastruktur baxımından ciddi dağıntıya məruz qalmış ölkədir. Azərbaycan qazı bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və enerji diplomatiyasının uğurudur. Qeyd edək ki, iyulun 12-də Əhməd Əş-Şaranın Azərbaycana səfəri zamanı konkret razılaşmalar əldə olundu. SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu da imzalandı. Bu, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasının hüquqi və texniki əsasını təmin etdi. Suriya tərəfi bəyan edib ki, gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı alacaqlar. Bu həcmdə qazın elektrik enerjisinə çevrilməsi nəticəsində təxminən 900-1200 meqavat gücündə elektrik istehsalı gözlənilir. Suriyanın bəzi bölgələrində elektrik cəmi 3-4 saat verilir. Azərbaycan qazı bu problemi aradan qaldırmaq üçün ciddi imkan yaradacaq. Bu addım Azərbaycanın enerji siyasətində yeni istiqamətləri açır. Bu, yeni mərhələnin başlanğıcıdır. İndiyədək Azərbaycanın qaz ixrac etdiyi ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Türkiyə üzərindən Suriyaya qaz ixracı perspektivdə İordaniya, Misir və hətta Livana qədər uzana bilər. Suriyanın dağılmış infrastrukturunun bərpası fonunda bu kəmərlərin işə salınması Azərbaycan qazının coğrafiyasını xeyli genişləndirəcək. Təbii ki, bu layihə təkcə iqtisadi deyil, həm də siyasi etimadın göstəricisidir. Azərbaycan bu addımı ilə münaqişədən çıxan bir ölkəyə sülh və sabitlik mesajı verir. Enerji resursları vasitəsilə regionda davamlı inkişaf və əməkdaşlıq formatı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın regional liderliyini daha da gücləndirir.

Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan təbii qazının qardaş Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ən yeni tariximiz və qlobal enerji siyasətimiz üçün olduqca böyük əhəmiyyətə malik mühüm strateji hadisədir. Onun sözlərinə görə, Suriya Azərbaycanın təbii qaz ixracı siyasətində tamamilə yeni istiqamətdir:
"Bundan əvvəl Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təchizatını özü üçün əsas prioritet istiqamət kimi qəbul etmişdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rol oynayır. Bu yaxınlarda isə ölkəmizdən Ukraynaya da təbii qaz ixrac olunmağa başlayıb. Suriyaya qaz nəqlinə başlamağımız isə Cənubi Qafqazdan Yaxın Şərqə yeni enerji istiqamətinin açılması anlamına gəlir. Bu isə o deməkdir ki, ölkəmizin geoiqtisadi təsir dairəsi daha da genişlənir. Azərbaycan qazının Suriyaya nəqli üçün hazırlıqlar çox qısa müddətdə həyata keçirildi. Belə ki, mavi yanacağımızın Türkiyə ərazisindən Suriyaya ixracına cari ilin aprel ayının 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şara arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında start verilib. Bu prosesin belə qısa zaman kəsiyində uğurla baş tutmasında, heç şübhəsiz ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında enerji sektoru sahəsində sıx əməkdaşlığın mövcud olması da mühüm rol oynayıb. Məhz Azərbaycan və Türkiyənin uzun illərə dayanan strateji enerji tərəfdaşlığı bu gün Suriyaya qaz nəqli layihəsinin sürətli şəkildə reallaşdırılmasına şərait yaradıb. Beləliklə, bu gün Azərbaycan və Türkiyə səylərini birləşdirərək Suriyanın yenidən qurulmasında fəal iştirak edirlər. Bu ölkənin postmüharibə dövründə inkişafına dəstək göstərmək istiqamətində Bakı və Ankara birgə fəaliyyət göstərir. Uzun illər davam edən müharibənin fəsadlarından əziyyət çəkən Suriyada bu gün sosial rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində Azərbaycan dövlətinin suriyalılara sıx dəstəyi həm humanizm nümunəsi, həm də türk-islam həmrəyliyinin bariz göstəricisidir".
Analitik qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması, eyni zamanda, ölkəmizin qlobal miqyasda etibarlı və strateji enerji təchizatçısı imicini möhkəmləndirir:
"Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə şaxələndirilməsinə və genişləndirilməsinə də mühüm töhfələr verəcək. Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələri, o cümlədən Ukrayna və Suriyaya qaz nəqli təşəbbüsləri ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu göstərir. Prezident İlham Əliyevin çevik diplomatiya və enerji siyasətinin nəticəsi olaraq, Azərbaycan-Suriya əlaqələri sürətlə bərpa olundu və bu gün Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoydu.
"Bir millət, iki dövlət" anlayışına əsaslanaraq hər zaman Türkiyənin yanında olan Azərbaycanın təbii qazının Suriyaya ixracı nəticəsində bu ölkədə müharibə dövründə sıradan çıxmış elektrik stansiyaları da yaxın zamanda fəaliyyətə başlamaq imkanı qazanacaq. Hələlik ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və həmçinin qaçqınların ölkəyə geri qayıdış prosesini sürətləndirəcək. Müharibələrdən əziyyət çəkən ölkələrin bərpasında Azərbaycanın fəal iştirakı böyük qürur hissi doğuran missiyadır".