AZ

Agentlik: Heyvan mənşəli məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmalıdır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 avqust, AZƏRTAC

Heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsinə nəzarət “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlar və digər hüquqi normativ aktlarla tənzimlənir. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, istehsal və emal müəssisələrində istehsal edilən məhsulun hər bir partiyasına (bir sutka və ya istehsal növbəsi ərzində istehsal edilmiş məhsula) onun baytarlıq normalarına cavab verməsini təsdiq edən və məhsulun sahibinə həmin məhsulun satışına icazə verən ekspertiza aktı tərtib edilir. Ekspertiza aktı dövri hesabat sənədi kimi müəssisədə saxlanılır. Ekspertiza aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Qeyd edilib ki, heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir.

Baytarlıq arayışının verilməsi üçün hər hansı ödəniş tələb olunmur. Baytarlıq şəhadətnaməsinin verilməsinə görə isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Baytarlıq arayışında və şəhadətnaməsində göstərilən məlumatlar ekspertiza aktında qeyd edilmiş məlumatlara uyğun olmalı, daşınan məhsulun miqdarı baytarlıq sənədləri və ekspertiza aktında göstərilmiş miqdardan artıq olmamalıdır.

Baytarlıq sənədində göstərilən istehsal tarixi ilə daşınan məhsulun istehsal tarixi uyğun olmalıdır. İstifadə müddəti bitmiş və ya geriyə qaytarılan məhsullar yeni məhsullarla eyni nəqliyyat vasitələrində daşınmamalıdır.

Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə həmin sənədləri əldə edə bilər.

Bildiririk ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar həmin məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr