AZ

Olimpiadadakı uğursuzluğun səbəbi nədir? - Ekspert açıqladı

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası artıq yekunlaşıb. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin nümayəndələri yarışmada müxtəlif medallar qazanıblar. Lakin Azərbaycan komandası bu il olimpiadanı medalsız başa vurub. Halbuki ötən il ölkə təmsilçiləri bir neçə medal əldə etmişdi. 


Bunun səbəbi nədir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlının sözlərinə görə, Azərbaycanda məktəb təhsili sistemli və davamlı deyil, bu da uğursuzluğun əsas səbəblərindən biridir. 

 


“Adətən beynəlxalq olimpiadalarda hansısa şagirdimiz qalib gələndə bunu təmtaraqla Azərbaycan təhsilinin uğuru kimi təqdim edirlər. Amma əslində əksər uğur qazanan şagirdlərin bu uğurunun sahibi ilk növbədə repetitor müəllim olur. Təəssüf ki, məktəb təhsili ənənəmiz kökündən sarsılıb. Təhsildə uğurlarımız təsadüflərə və ayrı-ayrı valideyn və şagirdlərin fərdi qaydada çalışmalarına dayanır”.


Ekspert əlavə edib ki, problemin kökü təkcə orta məktəbdə deyil, ali təhsil pilləsində də riyaziyyat və texniki elmlərin tədrisinin keyfiyyətsizliyi ilə bağlıdır:


“Bu uğursuzluq ali məktəblərdə riyaziyyat və texniki fənlərin tədrisini də sual altına qoyur. Deməli, ali təhsilimiz hələ də beynəlxalq məzmun və metodikanı mənimsəyə bilməyib. Təhsildə yalançı təqlidlərin nəticəsizliyi özünü artıq göstərməyə başlayıb”.


C.İmanlının fikrincə, bu nəticələr həm orta, həm də ali təhsilimizin ciddi şəkildə yenidən düşünülməsinə və islahatlara ehtiyac olduğunu göstərir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
33
1
sfera.az

2Mənbələr