AZ

Çində çikungunya virusuna yoluxma hallarının sayı 7 min nəfərə çatıb

Ajans.azxəbər verir ki,bu vəziyyət bəzi bölgələrdə COVID-19 pandemiyası zamanı tətbiq olunan tədbirlərə bənzər tədbirlərin görülməsinə səbəb olub. Epidemiyanın ən çox təsir etdiyi Foşan şəhərində çikungunya virusuna yoluxmuş şəxslər, ağcaqanad torları ilə təchiz olunmuş xəstəxana otaqlarında müalicə alırlar. Pasiyentlər yalnız test nəticələri mənfi olduqdan sonra və ya bir həftəlik karantin müddəti tamamlandıqda evə buraxılırlar. Yoluxmuş ağcaqanadın dişləməsi ilə yayılan çikungunya virusu yüksək hərarət və şiddətli oynaq ağrıları ilə müşayiət olunur. Bəzi hallarda bu ağrılar aylarla, hətta illərlə davam edə bilər. Çində nadir rast gəlinən bu virus, əsasən Cənubi və Cənub-Şərqi Asiyada, eləcə də Afrikanın bəzi bölgələrində yayılmış epidemiyalarla tanınır Çində infeksiyalarnə dərəcədə geniş yayılıb? Foşan şəhərindən başqa, Cənubi Quanqdonq əyalətində ən azı 12 digər şəhərdə də virus infeksiyası halları qeydə alınıb. Təkcə son bir həftə ərzində təxminən 3000 yoluxma hadisəsi müşahidə edilib. Bazar ertəsi günü Honq-Konq ilk yoluxma halını rəsmən açıqlayıb. Məlumata görə, iyul ayında Foşana səfər etmiş 12 yaşlı uşaq qızdırma, səpgi və oynaq ağrısı simptomları ilə xəstələnib. Virus insandan insana birbaşa keçmir. O, yalnız yoluxmuş şəxsi dişləyən ağcaqanad vasitəsilə yayılır və həmin ağcaqanad daha sonra digər insanları dişləyərək infeksiyanı ötürür. Səlahiyyətli qurumlar bildirirlər ki, indiyədək qeydə alınan bütün hallar yüngül keçirilib və xəstələrin 95 faizi yeddi gün ərzində sağalaraq evə buraxılıb. Çin infeksiyaların yayılmasının qarşısını almaq üçün hansı tədbirləri görür? Quanqdonq əyalətinin rəsmiləri xəstəliyin yayılmasına qarşı "qətiyyətli tədbirlər" görəcəklərini bildiriblər. Qızdırma, oynaq ağrısı və səpgi kimi simptomları olanlara dərhal xəstəxanaya müraciət etmək tövsiyə olunur. Rəsmilər həmçinin virusyayan ağcaqanadlara qarşı “fil ağcaqanadları”ağcaqanad sürfələri ilə qidalanan balıqlar buraxıblar. Təkcə Foşanda 5,000 belə balıq şəhər göllərinə salınıb. Dronlarla durğun su axtarışı da aparılır. Bəzi şəhərlər əvvəlcə Foşandan gələnlər üçün 14 günlük karantin tətbiq etsə də, sonradan bu qərarı ləğv ediblər. Bəzi insanlar isə bu tədbirləri COVID-19 dövrü ilə müqayisə edərək, onların vacibliyini sorğulayıblar   Çikungunya nədir? – Ağcaqanad vasitəsilə yayılan virus barədə bilinənlər Çikungunya — yoluxmuş ağcaqanadın dişləməsi nəticəsində insana keçən virusdur. Yoluxmuş şəxslərin əksəriyyətində simptomlar 3–7 gün ərzində ortaya çıxır. Ən çox rast gəlinən əlamətlərə yüksək hərarət, güclü oynaq ağrıları, səpgi, baş və əzələ ağrısı, həmçinin oynaqlarda şişkinlik daxildir. Əksər hallarda xəstəlik bir həftə ərzində yüngülləşsə də, bəzi insanlarda oynaq ağrıları aylarla, bəzən isə illərlə davam edə bilər. Xüsusilə yenidoğulmuş körpələr, yaşlılar, ürək-damar xəstəliyi və ya diabet kimi xroniki xəstəlikləri olan şəxslər daha ağır fəsadlarla qarşılaşa bilərlər. Hazırda çikungunya virusuna qarşı spesifik müalicə mövcud deyil. Bununla belə, ölüm halları çox nadir qeydə alınır. Virus ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkarlanıb. Sonrakı illərdə Afrika və Cənub-Şərqi Asiyada yayılaraq qlobal təhlükəyə çevrilib. Bu günə qədər çikungunya haqqında 110-dan çox ölkədə yoluxma halları barədə məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virusun yayılmasının qarşısını almağın ən effektiv yolu ağcaqanadların çoxalmasına şərait yaradan durğun su mənbələrinin aradan qaldırılmasıdır.

Seçilən
19
Ajans.az

1Mənbələr