AZ

"Humanitar yardım, yoxsa siyasi manipulyasiya? – ÖZƏL

"Rusiya tərəfindən həyata keçirilən "humanitar yardım" kampaniyalarının arxasında sırf insani motivlərdən daha çox konkret geosiyasi məqsədlər dayanır. "Rusiya sizinlədir" devizi Kremlin bölgədə yenidən təsir gücü formalaşdırmaq cəhdidir və bu, sadə yardım aksiyası deyil, açıq şəkildə mesaj daşıyan psixoloji əməliyyatdır". 
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki,  Rossotrudniçestvo-nun fəallığı isə bu kampaniyanın təkcə sosial deyil, həm də ideoloji xarakter daşıdığını göstərir: 

"Kreml bu yardım görüntüləri ilə həm Ermənistanda anti-Qərb ovqatını gücləndirməyə, həm də "Rusiya olmasa, sizə heç kim kömək etməz" narrativini bərpa etməyə çalışır. Beləliklə, Moskva Qarabağdan çıxmış ermənilər üzərində öz "qoruyucu" statusunu saxlamağa və onları vasitə kimi istifadə etməyə çalışır. Əsas məqsəd - gələcəkdə onların "geri dönüş hüququ" məsələsini beynəlxalq gündəmə çıxarıb Azərbaycan üzərində təzyiq aləti kimi istifadə etməkdir. Bu, həm Azərbaycanın ərazi bütövlüyü, həm də bölgədəki sülh perspektivləri üçün ciddi risklər yaradır. Əgər Rusiya bu humanitar xətti siyasi tələbə çevirsə, bu, yeni bir etnik-siyasi gərginlik ocağına çevrilə bilər. Geri dönüş məsələsi Moskvanın əlində "konfliktin donmuş vəziyyətə qaytarılması" üçün açar alətə çevrilə bilər. Bu da Cənubi Qafqazda sabitliyi pozmaq, Zəngəzur dəhlizi və sərhəd məsələlərində Moskvaya manevr imkanı yaratmaq məqsədi güdür.
Azərbaycanın bu məsələdə prinsipial mövqeyi - suveren hüquqların pozulmasına yol verilməməsi bölgənin gələcəyi üçün kritik əhəmiyyət daşıyır. Bakı Rus Evinin açılmasına qarşı çıxmaqla, əslində Rusiya ideoloji təsirinin qarşısını alır. Sonda isə, Kremlin bu manipulyativ siyasəti sülhə deyil, yeni təzyiq alətlərinə xidmət edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr