Müasir mövzular ustası kimi tanınan yazıçı 1980-ci illərdə gözlənilmədən tarixə müraciət edir, folklordan bəhrələnərək fəlsəfi-romantik "Mahmud və Məryəm" romanını oxucuların ixtiyarına verir.
***
"Mahmud və Məryəm" romanı ilə Elçin yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları yaranır. "Mahmud və Məryəm" 1982-ci ildə "Azərbaycan" jurnalında, 1983-cü ildə isə kitab şəklində "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Roman, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, "altmışıncılar"ın folklora ideya-estetik münasibətinin klassik nümunəsidir.
***
1984-cü ildə Elçin ikinci romanını – "Ağ dəvə"ni yazıb çap etdirir və bu əsərlə yazıçı orta əsrlərə "səyahət"dən XX əsrə – onun üçün ümumən səciyyəvi olan "məhəllə" mövzusuna qayıdır. 1990-cı ildə "Ağ dəvə" romanı rus dilində Moskvada "Sovetskiy pisatel" nəşriyyatı, 2000-ci ildə Almaniyanın "Dağeyli" və İsveçrənin "Union" nəşriyyatları tərəfindən nəşr edilib.
***
"Ölüm hökmü" (1984–1988) milli müstəqillik ərəfəsində Azərbaycan ədəbi-ictimai təfəkkürünün artıq tarixə çevrilməkdə olan "sovet dövrü"nə analitik siyasi-ideoloji münasibətinin həm kəmiyyət, həm də keyfiyyətcə ən miqyaslı təzahür-reaksiyası, ilk milli siyasi romanıdır. 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında Rusiyanın "Sovremennıy pisatel" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi keçirilib.Roman 2010-cu ildə Moskvada audiokitab şəklində buraxılıb.Audiokitab S. Averkiyevin ümumi rəhbərliyi və A. Solovyevin rejissorluğu ilə məşhur rus artistləri V. Larionov, L. Durov, A. Parra, V. Boçkarev, G. Sayfulin və L. Strijenovanın bədii qiraətində hazırlanıb.
***
2013-cü ildə "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" romanlarının toplanıldığı "Romanlar" adlı kitabı "Aspoliqraf" nəşriyyatında çap olunub.
***
2004-cü ildə Ermənistanın təcavüzü nəticəsində xalqımızın düçar olduğu ağır qaçqınlıq həyatından bəhs edən "Bayraqdar" povesti "Qapp-Poliqraf" nəşriyyatında işıq üzü görüb. Kitaba akademik Nərgiz Paşayevanın "Kədərin yaratdığı əsər (Xalq yazıçısı Elçinin "Bayraqdar" povesti haqqında düşüncələri)", "Qaçqınlar" silsiləsindən: "Qarabağ şikəstəsi" (Fransız ətri və Ağadadaş ilə Balacaxanımgilin Qırmızı xoruzunun bəy axtarışı haqqında hekayə) və Bayraqdar (Eysebionun faciəli ölümü haqqında kədərli povest) daxil edilib.
***
Elçinin müasir postmodernizm ədəbiyyatının parlaq nümunəsi hesab olunan "Baş" adlı psixoloji-fəlsəfi romanı 2015-ci ildə "Qanun" nəşriyyatında çap olunub.Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən roman A. Mustafazadənin tərcüməsində rus dilində də nəşr edib. "Baş" romanı yazıçının bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. "Mahmud və Məryəm"dəki, "Ölüm hökmün"ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti "Baş"da bütün parlaqlığı ilə üzə çıxır.
***
Elçinin əsərləri dünyanın bir çox dillərinə — ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və s. tərcümə edilib.
***