Qazaxıstanın ən böyük və ən qədim zooparklarından biri olan Almatı Zooparkı həm yerli sakinlərin, həm də turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Şəhərin mərkəzində, yaşıllıqlar içində yerləşən bu zoopark sadəcə heyvanları saxlandığı bir yer deyil, eyni zamanda təbiətin qorunması və ekoloji maarifləndirmə baxımından əhəmiyyətli bir mərkəz rolunu oynayır.
Sfera.az-ın əməkdaşı “Хайуанаттар бағы” (Zoopark) adlandırılan bu heyvanat bağında olub.
Girişdəki rəngarəng lövhə, ətrafdakı ağaclarla əhatələnmiş pilləkənlər ziyarətçiləri zəngin təbiət dünyasına dəvət edir. Hazırda zooparkda yüzlərlə heyvan növü saxlanılır. Burada nadir rast gəlinən ağ öküzlərdən tutmuş, nəhəng kərgədanlara qədər müxtəlif canlıları görmək mümkündür.
Heyvanlar üçün yaradılmış şərait onların təbii yaşayış mühitinə mümkün qədər yaxın şəkildə tərtib olunub. Bu, həm onların rifahı üçün, həm də ziyarətçilərin müşahidə və öyrənmə imkanlarının artırılması baxımından vacibdir. Zooparkda istirahət guşələri, təlim və informasiya mərkəzləri də fəaliyyət göstərir. Buraya gələn uşaqlar yalnız heyvanlara baxmaqla kifayətlənmir, həm də müxtəlif maarifləndirici tədbirlərdə iştirak edirlər.
Zooparkın əməkdaşları da hər gün ziyarətçilərlə ünsiyyətdə olur, heyvanların həyatı və adətləri haqqında məlumat verirlər. Xüsusilə ailələr üçün nəzərdə tutulan bu məkanda sakitlik və təhlükəsizlik mühiti hökm sürür. Zoopark həm də qış aylarında fəaliyyətini davam etdirir, baxmayaraq ki, bəzi heyvanlar soyuq hava səbəbilə qapalı yerlərə köçürülür. Almatı Zooparkı, Qazaxıstanın yalnız ekoloji resurslarını deyil, həm də mədəni irsini qoruyan və gələcək nəsillərə ötürən önəmli bir məkan kimi fəaliyyətini uğurla davam etdirir.
Bəsti Rəfizadə
FOTO: Anar Bayramlı
Sfera.az