AZ

“Moskva Qazaxıstana niyə diş qıcayır?” – Politoloq SƏBƏBLƏRİ sadaladı

“Rusiyanın Qazaxıstana qarşı düşmənçilik ritorikası tarixi, müasir geosiyasi, etnik və strateji amillərin mürəkkəb qarışığından qaynaqlanır. Onun fikrincə, iki ölkə arasında münasibətlər rəsmi dostluq xarakteri daşısa da, Qazaxıstan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi regional təşkilatların əsas üzvü olsa da, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra gərginlik artmaqda davam edir”.

Bu fikirləri politoloq Əlimusa İbrahimov Editor.az-a verdiyi açıqlamada deyib.

Politoloq bildirib ki, Rusiyanın Qazaxıstana qarşı ritorikasının əsas mənbələrindən biri Qazaxıstanın müstəqil xarici siyasətidir:

“Qazaxıstan Rusiyanın Krımı və Donetsk/Luqansk “respublikalarını” ilhaqını tanımaqdan imtina edib. Ukraynanın işğalından sonra neytral mövqe tutaraq Rusiyaya diplomatik və ya hərbi dəstək verməkdən yayınıb, əvəzində Qərb, Çin və Türkiyə ilə əlaqələrini genişləndirib. Bu isə KTMT və EİB tərəfdaşından daha sıx dəstək gözləyən Moskvanı məyus edib”.

İbrahimov qeyd edib ki, Qazaxıstanın Türk Dövlətləri Təşkilatında fəal iştirakı da Rusiyanın narahat olduğu məsələlərdəndir.
Təşkilatın fəaliyyətində digər türk dövlətləri ilə birlikdə aktiv iştirak Qazaxıstanın Rusiyadan asılılığının azalmasına gətirib çıxarır. Rusiya isə bu prosesi qısqanclıqla izləyir və təşkilatın fəaliyyətinə kölgə salmaq üçün əlində olan müxtəlif mexanizmlərdən istifadə edir.

Bundan əlavə, politoloq Şimali Qazaxıstanda yerləşən rus azlığının da Kremlin ritorikasında xüsusi yer tutduğunu vurğulayıb:

“Qazaxıstan əhalisinin əhəmiyyətli hissəsini təşkil edən etnik ruslar əsasən Rusiya ilə həmsərhəd olan bölgələrdə yaşayır. Bəzi rus siyasətçiləri həmin bölgələri “tarixi rus torpaqları” kimi təqdim edərək, Ukrayna ilə bağlı istifadə edilən ritorikanın oxşarını buraya da tətbiq etməyə çalışırlar. Bu isə Qazaxıstan üçün təhlükəli presedent yaradır”.

Əlimusa İbrahimov bildirib ki, dil siyasəti də bu kontekstdə Kremlin diqqət mərkəzindədir.

“Qazaxıstan tədricən qazax dilini və milli kimliyini önə çıxarır, bu isə bəzi hallarda rus dilinin statusunun məhdudlaşdırılması ilə müşayiət olunur. Rusiya rəsmiləri isə bunu “rusofobiya” kimi qələmə verirlər”.

Qazaxıstanın Qərb, Çin və Türkiyə ilə inkişaf etdirdiyi münasibətlər də Moskva tərəfindən neqativ qarşılanır. Xarici siyasətini şaxələndirən Qazaxıstan Çinlə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq edir, ABŞ və Avropa İttifaqı ilə iqtisadi əlaqələri genişləndirir, Türkiyə ilə isə hərbi və mədəni sahələrdə əməkdaşlığı gücləndirir. Bu isə Rusiyanın bölgədəki təsir dairəsinə meydan oxuma kimi qəbul olunur”.

Ə. İbrahimov qeyd edib ki, bundan başqa, Qazaxıstanın Ukrayna müharibəsinə münasibəti də Kremlin ritorikasını sərtləşdirib:

“Astana Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarını dolanmaq üçün vasitə olmaqdan imtina edib. Prezident Tokayev dəfələrlə açıq şəkildə bildirib ki, Qazaxıstan sanksiyaların dolanması üçün platforma olmayacaq. Bu isə Rusiyanın Mərkəzi Asiya ölkələrindən istifadə strategiyasına zərbə vurub”.

Nəhayət, politoloq vurğulayıb ki, Rusiyada aparılan daxili təbliğat və imperiya ritorikası bu münasibətlərə ciddi təsir göstərir. Rusiya mediası və siyasətçiləri Qazaxıstan kimi qonşulara qarşı sərt ritorikadan istifadə edərək həm millətçi ritorikanı gücləndirir, həm də ölkə daxilində diqqəti sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. “Rus dünyası” ideyasının təbliği bu kontekstdə mühüm yer tutur. Qazaxıstan tez-tez “nankor”, “qərbpərəst” və “tarixi əlaqələrdən uzaqlaşan” ölkə kimi təqdim olunur.

Politoloqun fikrincə, bu proseslər fonunda Qazaxıstanın yeritdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət daha da əhəmiyyət qazanır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr