Sosial şəbəkələrdə xoşbəxt, uğurlu və problemsiz həyat görüntüləri artıq adi hala çevrilib. Lakin bu görüntülərin əksəriyyəti gerçək deyil.
Bəs insanlar niyə özlərini olduqlarından daha fərqli və xoşbəxt göstərməyə çalışırlar?
MÖVZU İLƏ BAĞLI:
Sosial şəbəkələr xəyanət riskini çoxaldır
Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu hal psixologiyada “Sosial müqayisə nəzəriyyəsi” ilə izah olunur. Yəni insanlar sosial şəbəkələrdə başqaları ilə öz həyatlarını müqayisə etdikcə, bu müqayisədən doğan psixoloji təzyiq saxta xoşbəxtlik nümayiş etdirməyə səbəb olur:
“Burada əsas məsələ sosial norma və gözləntilərə uyğunlaşmaq cəhdidir. İnsanlar bəzən real həyatda yaşamadıqları uğur və sevinci virtual aləmdə simulyasiya edərək paylaşırlar. Bu, onların “ideal mən” obrazını yaratmaq ehtiyacından qaynaqlanır. Belə davranışla onlar özlərini daha dəyərli, uğurlu və xoşbəxt göstərməyə çalışırlar”.
Psixoloqun sözlərinə görə, saxta xoşbəxtlik nümayişinin digər səbəbləri də var:
Dopamin asılılığı - Sosial şəbəkələrdə hər “bəyənmə” və “pozitiv şərh” beyində müvəqqəti xoşbəxtlik hissi yaradır. Bu hissə alışan insanlar zamanla saxta obrazlar yaratmağa başlayırlar.
Yetərsizlik hissi - Real həyatından narazı olan insanlar sosial mediada daha gözəl və uğurlu həyat təsviri ilə özünə dəyər qatmağa çalışırlar.
Depressiyanı gizlətmək ehtiyacı - Daxildəki boşluq, uğursuzluq və ya mənəvi yorğunluq hissini bir çox insan zəiflik kimi qəbul etdiyindən, “xoşbəxtlik maskası” taxaraq bu hisslərini gizlədir.
Samirə Bağırova xəbərdarlıq edir ki, belə davranışlar ilk baxışdan zərərsiz görünsə də, uzunmüddətli psixoloji təsirlərə səbəb ola bilər:
“Əsl hissləri inkar etmək və saxta bir obraz yaratmaq insanın özünə yadlaşmasına, daxili təzyiqlərin artmasına və nəticədə psixoloji pozuntulara səbəb ola bilər. Bu, bir növ psixoloji müdafiə mexanizmidir. Lakin bu müdafiə mexanizmi uzun müddət davam etdikdə, insan gerçək “mən”indən uzaqlaşa bilər”.
Aygün Hüseyn, Bizim.Media