“Komanda ilə birgə səfər gözəl fürsət oldu”
Operativ Media xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl “CBC Sport” kanalına açıqlamasında bildirib.
O, komanda ilə birgə səfərdə iştirak etməkdən məmnun olduğunu qeyd edib.
“Çox sevincliyəm ki, buraya gəlmək fürsətim oldu. Komanda ilə səfərə getmək bir prezident üçün özünəməxsus bir vaxtdır. Bu zaman siz həm xatirələr yaradırsınız, həm də texniki heyətlə daha dərindən danışmaq imkanı əldə edirsiniz. Çünki hər kəs Bakıda çox məşğuldur”, – deyə klub rəhbəri vurğulayıb.
Prezident səfərin komanda və rəhbərlik arasında daha səmərəli müzakirələrə şərait yaratdığını bildirib:
“Bakının ab-havasından çıxıb yeni bir məkanda bu məsələləri dəyərləndirmək bizim üçün önəmlidir. Mən prezident kimi klubun formalaşdırılmasına, təşkilati sisteminə görə məsuliyyət daşıyıram. Ona görə də burada səmərəli söhbətlərimiz oldu. Yaxşı fürsət tapıb öz aramızda müzakirələr apardıq”.
Tahir Gözəl komandanın hazırkı durumundan razılığını da ifadə edib:
“Komanda yaxşı vəziyyətdədir. Əlbəttə, futbol get-gedə çətinləşir, futbolçu axtarıb transfer etmək də günü-gündən mürəkkəbləşir. Lakin biz hesab edirik ki, bu birgə keçirdiyimiz vaxtda düzgün təhlillər aparıb, təşkilatlanmanı daha səmərəli şəkildə qurmaq və gələcəkdə komandamızı daha da gücləndirmək qərarına gəldik”.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" matçı saat 22:00-da start götürəcək.