Hindistan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft idxalına son qoyulması ilə bağlı çağırışına sərt cavab verib.
"Cebheinfo.az" xəbər verir ki, rəsmi Dehlinin bəyanatında bildirilir ki, Hindistan Qərbin atdığı addımlar səbəbindən Rusiya nefti almağa məcbur olub, indi isə buna görə tənqid olunur.
Eyni zamanda, Hindistanı tənqid edən ölkələrin də Rusiya ilə ticarəti davam etdirdiyi vurğulanır:
“Hindistanı tənqid edən ölkələrin özləri də Rusiya ilə ticarətə davam edir. Bizim vəziyyətimizin əksinə olaraq, onların bu ticarəti həyati milli ehtiyaclardan qaynaqlanmır”.
Qeyd olunur ki, Avropa İttifaqı Rusiyadan enerji resursları, gübrə və metallurgiya məhsulları almaqda davam edir, ABŞ isə gübrə, kimyəvi maddələr və nüvə sənayesi üçün uran hekzaflorid idxal edir.
Hindistan bildirir ki, Ukraynadakı münaqişə başladılandan sonra ənənəvi neft tədarükçülərinin məhsullarını Avropaya yönəltməsi səbəbilə Rusiya nefti almağa başlayıb.
Hindistan rəsmiləri o dövrdə “ABŞ-nin qlobal enerji bazarlarında sabitliyi qorumaq məqsədilə Hindistanın bu alışlarını aktiv şəkildə təşviq etdiyini” qeyd ediblər.
Hökumət bu alışlar vasitəsilə istehlakçılara “sabit və münasib qiymətli enerji” təmin etməyə çalışdığını bildirib.
Hindistan rəsmiləri tənqidlərin “əsassız və ədalətsiz” olduğunu qeyd edərək, “Hindistan, hər bir böyük iqtisadiyyat kimi, milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün lazım olan bütün addımları atacaq” bəyanatını verib.
Bu sərt cavab ABŞ Prezidenti Trampın Hindistana qarşı gömrük rüsumları ilə bağlı tənqidlərinə verilmişdi.