AZ

Rusiya Hindistana T-14 “Armata” tanklarını təklif edir

ABŞ prezidenti Donald Tramp Hindistanla Rusiya arasındakı dostluqdan narazıdır və hər iki ölkəni gömrük rüsumları ilə təhdid edir.

“Poliqon”un “india.com”a istinadən verdiyi xəbərə görə, bu gərginlik fonunda Hindistan ilə Rusiya arasında D.Trampı daha da qəzəbləndirə biləcək mühüm müdafiə sazişi müzakirə olunur.

Belə ki, Rusiya Hindistana köhnəlmiş T-72 tanklarını əvəz etmək üçün növbəti nəsil T-14 “Armata” tanklarının satışını təklif edib. Təklifə “Make in India” proqramı çərçivəsində tankların Hindistanda yerli istehsalı da daxildir. T-14 “Armata” tankları Rusiyanın “Uralvaqonzavod” konserni tərəfindən istehsal edilən ən müasir tanklardan biridir.

“Uralvaqonzavod” bu tankı Hindistanın ehtiyaclarına uyğun dizayn və inkişaf etdirmək üçün Hindistanın “Növbəti Nəsil Döyüş Tankı (NGMBT)” proqramında əməkdaşlıq etmək istəyini ifadə edib. Konsern həmçinin Hindistanın müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərlə ortaq işləməyə hazır olduğunu da bildirib.

Təklif Hindistanın Müdafiə Nazirliyinə bağlı olan Döyüş Texnikası Tədqiqat və İnkişaf Qurumu və ya digər dövlət müdafiə müəssisələri ilə əməkdaşlığı nəzərdə tutur. Bu təklif Hindistanın “Make-I” kateqoriyasına uyğun olaraq hazırlanıb və yerli istehsalın artırılmasına yönəlib. Sözügedən plan çərçivəsində Hindistan hökuməti prototiplərin hazırlanması üçün maliyyələşmənin 70%-ni təmin edir ki, bu da texnologiya transferi və daxili istehsala xüsusi önəm verildiyini göstərir.

“Uralvaqonzavod” əvvəllər Hindistanla T-90S tankları üçün texnologiya transferi sazişi imzalamışdı və bu tanklar hazırda Hindistanda T-90 “Bhishma” adı ilə istehsal olunur. Hindistan bu tanklarda 83%-dən çox yerli texnologiyadan istifadə edir, o cümlədən mühərrik tamamilə lokallaşdırılıb. Rusiya rəsmiləri T-14 “Armata” tanklarının da Hindistanda istehsalı üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Şirkət rəsmiləri “Armata” tankının Hindistan Ordusunun köhnəlmiş T-72 tanklarını əvəz etmək üçün ideal seçim olduğunu deyirlər.

Müasir T-14 “Armata” tankı proqram-texniki qarşılıqlı əlaqə komplekslərindən istifadə edərək bütün obyektləri birləşdirən vahid taktiki pilləni idarəetmə sistemi (ESU TZ) ilə təchiz edilib. Bu sistem radioelektron mübarizə, artilleriya, hava hücumundan müdafiə, mühəndislik və maddi-texniki təminatı idarə etmək üçün məsul olan on bir alt sistemi özündə birləşdirən vahid döyüş idarəetmə sistemidir. Bundan başqa, ESU TK həm də müxtəlif növ rabitə növlərinin, o cümlədən pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə rabitənin və döyüş meydanında müxtəlif qoşun növləri arasında onlayn qarşılıqlı əlaqənin inteqrasiyası ilə vahid məlumat şəbəkəsi yaratmağa imkan verir.

“Armata” tankı yeni nəsil “Afqanit” aktiv müdafiə kompleksi və dördüncü nəsil “Malaxit” dinamik zirehləri ilə təchiz olunub. Tankının silah sisteminə 125 mm 2A82 və ya 152 mm 2A83 (istək əsasında) hamar lüləli tank topu, həmçinin 12,7 mm Kord və 7,62 mm PKTM pulemyotları daxildir.

A-85-3A dizel mühərrikinin gücü təkandan asılı olaraq 1350/ 1500/ 1650/ 1800 at gücünə bərabərdir. Şossedə sürət 62-dən 90 km/saata qədər (1350-dən 1800 at gücünə qədər), yolsuzluq şəraitində sürət 38-dən 51 km/saata qədərdir (1350-dən 1800 at gücünə qədər). Şossedə və yolsuzluq şəraitində yanacaq üzrə gediş ehtiyatı 500 km-dir.

Qeyd olunub ki, hazırda bir T-14 “Armata” tankının qiyməti təqribən 3.6-5 milyon ABŞ dolları təşkil edir. Əgər tank Hindistanda istehsal olunarsa, onun qiyməti təxminən 1.2 milyon dollar azalacaq.

Seçilən
4
poliqon.az

1Mənbələr