AZ

"Putin-Zelenski görüşü baş tutacaqmı?" - "Politico"

 
"Vaxt udmaq, yoxsa sülhə yaxınlaşma?.."
 
Kreml sülh danışıqlarının mümkünlüyündən bəhs etsə də, faktiki olaraq bu prosesi ləngitmək üçün müxtəlif vasitələrə əl atır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Prezident Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə görüşü "istisna edilmir", lakin bu görüşdən öncə hansısa "ekspert səviyyəsində işin görülməsi" tələb olunur. Kremlin sözçüsü Dmitri Peskovun son açıqlaması bu yöndədir. Ancaq həmin "işin" konkret nədən ibarət olduğu barədə heç bir izah verilmir.
 
Bu bəyanat ABŞ prezidenti Donald Trampın Rusiyaya avqustun 8-dək qədər atəşkəsə razılıq verməklə bağlı qoyduğu müddətin bitməsinə az qalarkən səslənib. Əks halda, Tramp Rusiya iqtisadiyyatına qarşı sərt tarif tədbirlərini tətbiq edəcəyini bildirib. Başlanğıcda 50 günlük verilən müddət Trampın Putindən "məyusluğu" səbəbilə daha da azaldılıb.
 
Real dialoqa çağırış
 
Zelenski tərəddüd etmədən birbaşa görüşə hazır olduğunu bildirir. O, Rusiya ilə texniki danışıqların kifayət etmədiyini, liderlər səviyyəsində birbaşa təmasın vacib olduğunu vurğulayır: "Biz yaxşı bilirik ki, Rusiyada qərarları kim verir və buna görə də bir daha təklif edirik - gəlin görüşək".
 
Ukrayna lideri həmçinin əvvəlki bəyanatlarında bu görüşdə Avropa nümayəndələrinin də iştirakının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna və ABŞ tərəfindən dəfələrlə atəşkəs təklifləri səsləndirilib, lakin Moskva bunu yalnız müharibəni davam etdirmək üçün zaman qazanmaq vasitəsi kimi istifadə edib.
 
Real danışıqlar mümkündürmü?
 
Ukraynalı siyasi analitik Valeriy Kloçok Zelenski ilə Putinin görüş ehtimalını son dərəcə az hesab edir. Onun fikrincə, Rusiya hazırda yalnız imitasiya ilə məşğuldur və real sülh niyyəti yoxdur. O, Türkiyədə daha əvvəl keçirilmiş danışıqları xatırladaraq qeyd edir ki, bu platformalar daha çox texniki xarakter daşıyır və diplomatik irəliləyiş yaratmır.
 
Kloçok eyni zamanda Putin üçün Zelenski ilə görüşdən daha önəmli olanın Trampla mümkün görüş ola biləcəyini düşünür. Belə bir görüş sentyabrda, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi çərçivəsində baş tuta bilər. Lakin Trampın həmin tədbirdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
 
Türkiyənin vasitəçiliyi və Ankaranın rolu
 
Zelenski və Trampın iştirakı ilə Putinlə görüş təşkil etmək təşəbbüsündə olan ölkələrdən biri də Türkiyədir. Türkiyənin xarici işlər naziri Hakan Fidan belə bir görüş üçün "prinsipial razılıq" əldə olunduğunu bildirsə də, bu açıqlama real irəliləyişdən çox diplomatik görüntü yaratmaq cəhdi kimi qiymətləndirilir.
 
Ankaradakı Ukrayna səfiri Nariman Cəlal isə hesab edir ki, Türkiyə bu danışıqlar üçün ən uyğun vasitəçidir. Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Kiyevə səfəri gözlənilir. Səfərin əsas məqsədi Rusiya ilə müharibənin sülh yolu ilə həllinə dair Ankaranın səylərini müzakirə etməkdir.
 
Real dialoq, yoxsa taktiki oyun?
 
Hazırkı vəziyyət onu göstərir ki, Rusiya hələlik real danışıqlara meyilli deyil. Kremlin təklif etdiyi şərtlər ya qeyri-müəyyəndir, ya da bilərəkdən qəbulolunmaz səviyyədədir. Vaxt uzatmaqla yeni ərazilər ələ keçirmək və Qərbin reaksiyasını yoxlamaq taktikasına üstünlük verilir. 
 
Lakin ABŞ və Ukrayna tərəfi açıq şəkildə diplomatik çıxış yolu axtarır və liderlər səviyyəsində görüşə hazır olduqlarını bildirir. Görüş baş tutacaqmı? Bu, təkcə Moskvanın deyil, həm də Vaşinqton və Ankaranın iradəsindən asılı olacaq. Amma bir şey aydındır - daha çox vaxt itdikcə, sülh bir o qədər də çətinləşir.
Seçilən
17
moderator.az

1Mənbələr