AZ

Kredit tarixçəsi pis olanların nəzərinə: Banklar bu hallarda yenidən kredit verə bilər

Kredit və taksit kartı üzrə ödənişləri vaxtında etməyən şəxslərin məlumatları Mərkəzi Kredit Reyestrində və Kredit Bürosunda qeydiyyata alınır. Bəs kredit tarixçəsində gecikmə olduqda həmin şəxs nə etməlidir? Gecikmiş ödənişin hüquqi və maliyyə nəticələri nədir və bu vəziyyətdən çıxış yolları hansılardır?
 
Moderator.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, kredit bürosunda hər bir şəxsin kredit tarixçəsi formalaşır. Onun sözlərinə görə, götürülən kreditlər və onların qaytarılması ilə bağlı bütün məlumatlar bu tarixçədə əks olunur. Əgər borclar vaxtında ödənilməzsə, bu hal da tarixçədə görünür:
 
“Lakin qeyd etməliyəm ki, kredit tarixçəsindəki gecikmənin özü birbaşa hüquqi və ya maliyyə sanksiyası doğurmur. Yəni qanunvericilikdə belə bir norma yoxdur ki, məsələn, 1 gün, 5 gün və ya 10 gün gecikmə olarsa, mütləq şəkildə müəyyən məhdudiyyət tətbiq olunsun. Sadəcə olaraq, bu məlumatlar kredit tarixçəsində qeyd olunur və gələcəkdə bankların qərarvermə prosesində nəzərə alınır.
Əgər şəxs başqa bir bankdan kredit götürmək istəyirsə, həmin bank müştərinin yazılı razılığı əsasında Kredit Bürosuna sorğu göndərərək onun kredit tarixçəsini əldə edir. Müştərinin yazılı razılığı olmadan bu sorğu həyata keçirilmir və belə olan halda bank ümumiyyətlə həmin şəxslə əməkdaşlıq etməyə bilər.
Əgər bank sorğu əsasında şəxsin əvvəlki ödənişlərində gecikmələr olduğunu görərsə, bu onun üçün mənfi amil hesab edilə bilər. Nəticədə ya ümumiyyətlə kredit verilməyə bilər, ya da istənilən məbləğdən daha az məbləğ təklif oluna bilər.
Amma eyni zamanda bu, bankın mütləq şəkildə kreditdən imtina etməsi anlamına gəlmir. Məsələn, əgər şəxs gecikməni daha sonra tam ödəyibsə, sonrakı kreditlərini vaxtında bağlayıbsa, yaxşı bir zamin və ya etibarlı girov təqdim edibsə, bank bu mənfi tarixçəni nəzərə almaya da bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
20
moderator.az

1Mənbələr