BAKI, 5 avqust. TELEQRAF
“İranın mehriban qonşuluq siyasətində Ermənistanın özünəməxsus yeri var”.
Teleqraf xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.
O qeyd edib ki, iki ölkə rəsmiləri arasında məsləhətləşmələr qənaətbəxş səviyyədədir.
M.Arif regionda və qonşular (Ermənistan və Azərbaycan) arasında sülh məsələsi, habelə mübahisələrin danışıqlar yolu ilə həllini alqışlayıb:
“Regionda qonşular arasında davamlı sülh və sabitliyin bərqərar olmasını alqışlayırıq və inanırıq ki, sülh regionun bütün ölkələrinin maraqlarına cavab verir və regional problemlərin həlli xarici dövlətlərin müdaxiləsi olmadan həyata keçirilməlidir”.
Vitse-prezident İran Prezidenti Məsud Pezeşkianın Ermənistana gözlənilən səfərinə də toxunub:
“Əminik ki, Prezident Pezeşkianın Ermənistana səfəri iki ölkə arasında münasibətlərin genişlənməsinə və dərinləşməsinə səbəb olacaq və iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq”.