AZ

Banqladeşdə minlərlə insan Hasinanın devrilməsindən bir il sonra keçirilən mitinqlərə qatılır

Ajans.az Reuters-ə istinadən xəbər verir kİ,aksiya mitinqlər və dua mərasimləri ilə müşayiət olunub. Yığıncaqlar Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi keçid hökumətinin demokratik islahatlar üçün hazırladığı və "İyul Bəyannaməsi" adlandırılan sənədin açıqlanması ilə yekunlaşacaq. Bəyannamənin ölkədə avtoritar idarəçilikdən demokratik sistemə keçidin rəsmi tanınması kimi təqdim ediləcəyi gözlənilir. Yunus xalqına ünvanladığı mesajda etirazlar zamanı həyatını itirənləri yad edib və "birlikdə tiranlığın bir daha baş qaldırmayacağı Banqladeşi quracağıq" deyib. O, gələn ilin əvvəlində azad və şəffaf seçkilərin keçiriləcəyini vəd edərək tam demokratik idarəetməyə qayıdışı prioritet elan edib. “Düşmüş avtokratlar və onların müttəfiqləri hələ də aktivdir,” – deyə Yunus bildirib və islahatların davamlılığı üçün siyasi qüvvələr və vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb. Etirazlarda yaralananlar da daxil olmaqla, izdiham parlament binasının yaxınlığında toplaşıb, plakatlar və bayraqlar qaldırıb, şüarlar səsləndirib. Aksiya iştirakçılarından Əhmədul Həsən “2024-cü ilin bu günündə tiran Şeyx Hasina ölkədən qaçdı,” deyə bildirib. Digər iştirakçılar isə daha ehtiyatlı mövqe sərgiləyiblər. Kollec tələbəsi Sabbir Əhməd qeyd edib ki, “bütün qurbanlara baxmayaraq, Banqladeşdə əsl liberal demokratiya hələ də uzaq bir arzudur.” Təhlükəsizlik qüvvələri şəhərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Zirehli maşınlar, qadağan olunmuş Avami Liqasının nümayəndələrinin tədbirləri pozmaq cəhdlərinin qarşısını almaq üçün küçələrdə patrul edir. Şeyx Hasina öz növbəsində xalqa ünvanladığı məktubda baş nazir postundan rəsmi istefa vermədiyini bildirib və “bu gün keçmişə baxmaq günü deyil, gələcəyə doğru çağırışdır,” deyə vurğulayıb.

İyul Bəyannaməsini əsas siyasi partiyaların, o cümlədən keçmiş baş nazir Xaleda Zianın rəhbərlik etdiyi Banqladeş Millətçi Partiyasının dəstəklədiyi bildirilir. Tərəfdarları sənədi institusional islahatların təməli kimi qiymətləndirsə də, bəzi tənqidçilər hüquqi əsasların və parlament konsensusunun olmamasına görə onun yalnız simvolik xarakter daşıya biləcəyini deyirlər.

Seçilən
10
Ajans.az

1Mənbələr