Son günlər bir çox tanınmış sima sosial mediada blogerlərə qarşı tənqidi mövqe sərgiləyir.
Yenisabah.az xəbər verir ki, bu dəfə prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşım edərək blogerlərin fəaliyyətini kəskin tənqid edib.
O, “İnstagram” səhifəsindəki paylaşımında bu sahədə şəffaflığın olmamasından narahatlığını ifadə edib: pizza mizza
“Hərdən bir sual verəsim gəlir: bu bloggerlər kimdir? Instagram yaranmamışdan əvvəl onların fəaliyyəti, həyat tərzi necə olub? Bu gün tanınan bir çox blogger – hamısını demirəm – sosial şəbəkənin hesabına dəbdəbəli həyat yaşayan, bahalı paltar geyinən, bir qarın yeməyə görə restoranlarda reklam çəkən, turizm şirkətlərinin hesabına xaricə gedən və beşulduzlu otellərdə qalan şəxslərdir”.
Tolik bəzi blogerlərin keçmişinə diqqət çəkərək bildirib ki, onların bir qismi şübhəli keçmişə malikdir:
“Aralarında nümunəvi ailələrdən çıxan, imkanlı valideynləri olan blogger dostlarımız da var. Onların yolu aydındır. Amma bəzi qızların keçmişini araşdırsanız, barlardan, gecə klublarından çıxıb bu gün özlərini ‘influencer’ adlandırdıqlarını görərsiniz. İctimai nüfuz qazanıblar, amma bu nüfuz nəyin əsasında formalaşıb?”
Prodüser hesab edir ki, bu insanların fəaliyyəti şübhə doğurur və ciddi araşdırmalara ehtiyac var:
“Bunların heç bir peşəsi yoxdur. Əgər ciddi araşdırılsa, ‘blogger’ adı altında çox fərqli məqsədlərin gizləndiyini görərik. Göstərdikləri ‘şahənşah’ həyatları, bahalı villalarda çəkilən videoları çox zaman real deyil. Bu da bəzi imkanlı şəxslərin diqqətini cəlb edir və nəticədə cəmiyyəti çaşdıran süni bir proses baş verir”.
O, məsuliyyətin təkcə blogerlərdə olmadığını, onları izləyən və məşhurlaşdıran cəmiyyətin də bunda rolu olduğunu bildirib:
“Onlara bu qədər dəyər verən, milyonlarla izləyici bağışlayan da kasıb, sadə insanlardır. Bir telefona, bir paltara, bir şampuna görə onların səhifələrini izləyən cəmiyyətin özü bu süni nüfuzun yaranmasına zəmin yaradıb”.
Tarix Əliyev qeyd edib ki, artıq bir çox blogerlər əvvəlki qədər aktual deyil və izləyicilər də bu vəziyyətdən narazıdır:
“Bugünkü gündə diqqət etsəniz, bir çox bloggerin aktuallığı itib. Artıq izləyicilər də ayılmağa başlayıb. Amma dövlət də bu məsələyə nəzarət etməlidir. Bu şəxslərin fəaliyyəti nədir? Qazandıqları pullar haradandır? Dövlətə vergi ödəyirlərmi? Niyə müğənnilərin reklam qiymətləri şəffaf olmalıdır, amma bloggerlərinki yox?”
Sonda o, bəzi blogerlərin siqaret, içki və avtomobil şirkətləri tərəfindən reklam üzü kimi istifadə olunmasını da ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirib:
“Saxta milyonlarla izləyici və baxışlarla həm cəmiyyəti, həm də sahibkarları aldadırlar. Bəli, biz bloggerlərin içində dəyərli olanları da tanıyırıq. Amma sual budur: bu sahədə şəffaflıq nə vaxt olacaq? Bu insanlar da qanun qarşısında məsuliyyət daşımalıdır. Heç kim toxunulmaz deyil”.
Aydan Hacı
Telegram kanalımız