AZ

Quterreş: “Coğrafiya heç vaxt insanın taleyini müəyyən etməməlidir”

BMT-nin Baş katibi Antonio Quterreş dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı çağırışlara diqqət çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu fikri Türkmənistanın Avaza turizm bölgəsində keçirilən beynəlxalq konfransda bildirib.

Quterreş “Tərəfdaşlıq vasitəsilə irəliləyişə nail olmaq” mövzusunda keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin III Konfransının açılış mərasimində çıxış edib:

“Coğrafiya heç vaxt insanın taleyini müəyyən etməməlidir. Lakin Afrika, Asiya, Avropa və Cənubi Amerikada yerləşən 32 dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə üçün coğrafi mövqe çox vaxt inkişaf imkanlarını məhdudlaşdırır və bərabərsizliyi daha da dərinləşdirir”.

Baş katib vurğulayıb ki, bu ölkələrin üçdə biri hazırda qırılqanlıq, təhlükəsizlik problemləri və ya silahlı münaqişələrlə üz-üzədir. Onlar dünya əhalisinin 7 faizini təşkil etsələr də, qlobal iqtisadiyyat və ticarətdə cəmi 1 faizdən bir qədər artıq paya sahibdirlər.

“Biz birlikdə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tarixində yeni bir səhifə aça bilərik”, – deyə Quterreş çıxışını yekunlaşdırıb.

Konfransda infrastruktur, regional əməkdaşlıq, ticarətə çıxış imkanları və rəqəmsal transformasiya kimi mövzular müzakirə olunub. Məqsəd bu ölkələrin inkişafına dəstək vermək və onların beynəlxalq sistemdə daha fəal iştirakını təmin etməkdir.

Seçilən
64
1
operativmm.az

2Mənbələr