Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində təşkil olunan “Şəhid ailələri və Qarabağ fatehləri ilə görüş” adlı panel xüsusi duyğusal anlarla yadda qalıb. Paneldə Vətən uğrunda qəhrəmancasına şəhid olmuş igidlərimizin anaları iştirak edərək gənclərlə öz hiss və düşüncələrini bölüşüblər.
QHT.az xəbər verir ki, tədbirdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid mayor Sənan Qasımovun anası Dürdanə Qasımova, şəhid kiçik çavuş Xəqani Nəsirovun anası Şəfaqət Rəhimova və şəhid əsgər Fərhad Fərhadlının anası Gülümnaz Fərhadova çıxış ediblər. Onlar övladlarının vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqlardan danışaraq, gəncləri milli-mənəvi dəyərlərə daim sadiq olmağa çağırıblar.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir.