Təbriz şəhərinin imam cüməsi Əhməd Motəhəri Əsl Azərbaycanda təkfiri və sələfi cərəyanların artmasından narahatlığını ifadə edərək, şiə varlığının zəiflədilməsi riskindən danışıb.
Ulusal.az xəbər verir ki, onun sözlərinə görə, İsrail və bəzi regional qüvvələr bu radikal qruplaşmalardan istifadə edərək Azərbaycan cəmiyyətinə təsir etməyə çalışırlar.
İmam cümənin bu açıqlaması ilk baxışdan dini narahatlıq kimi görünə bilər. Lakin real geosiyasi və ictimai kontekstə nəzər saldıqda, bu çağırış gülüş doğuracaq qədər qeyri-ciddi və qeyri-səmimi görünür. Çünki bu gün təkfiri düşüncənin, ideoloji radikalizmin və inancın siyasiləşdirilməsinin mərkəzi elə İran İslam Respublikasının özüdür.
Bugünkü İran hakimiyyəti məhz din adına – şiə təəssübkeşliyi pərdəsi altında – xalqı dünyadan təcrid edən, sosial rifahı çökdürən, borc bataqlığında boğulan bir sistem qurub. İqtisadi blokada, beynəlxalq təcrid, məhdudiyyətlər və sosial gərginliklərlə üz-üzə olan İran mollakratiyası bu gün dünyaya açıq, tolerant və sekulyar Azərbaycanı “təhlükədə” göstərməyə çalışır.
Əslində isə İran hakimiyyətinin əsas narahatlığı Azərbaycanın dini cərəyanlara deyil, azad cəmiyyət modelinə söykənməsidir. Azərbaycanda şiə də var, sünni də var, xristian da, yəhudi də… və bu müxtəliflik birgəyaşayış, talerantlıq və dövlət nəzarətli dini balans prinsipləri ilə qorunur. Bu model İranın indiki idarəçiliyinin əsla anlaya bilmədiyi bir müstəvidir.
İran ruhaniləri isə hələ də “təxribatçı cərəyan” təbirindən istifadə edərək region dövlətlərinin müstəqil mövqelərini gözdən salmağa, öz daxilindəki ideoloji iflası ört-basdır etməyə çalışır. Amma Azərbaycana belə “nəsihət” verməyə çalışmazdan əvvəl, İranda türklərin dilinə, inancına, mədəniyyətinə tətbiq edilən təzyiqlərə, dindarların dindar olduğu üçün yox, siyasi baxışlarına görə edam edildiyinə və xalqın rejimə qarşı artan nifrətinə baxmaq daha yerinə düşərdi.
Əhməd Motəhəri Əslin “Əhli-Beyt təlimləri”ni müdafiə çağırışına gəlincə – Azərbaycan Əhli-Beyti siyasi alətə çevirmir. Biz bu müqəddəs anlayışları ruhən və mənən yaşayırıq, onu silaha və hakimiyyət ideologiyasına çevirmirik. Və məhz bu fərq, Azərbaycanın müasir və dinc mövcudluğunun əsasını təşkil edir.
Əsl təhlükə Azərbaycanın içində deyil – təhlükə İranın ideoloji sərhədləri pozan və regionlara təxribat ixrac edən rejimindədir.Musavat.com