AZ

Zatulin dili ilə danışan Rusiya: Münasibətlərin gərginləşməsinə səbəb olan amillər - ÖZƏL

Son günlər Rusiyadan Azərbaycana qarşı təhdid və ittiham xarakterli bəyanatlar səngimək bilmir. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanın bəzi rus toponimlərini dəyişməsi halında Rusiya tərəfinin Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməyə bilərək təhdid edib. O, Xankəndinin Stepanakert adlandırılmasına dair iradlara da reaksiya verib və bu adı tarixi əsaslandırmağa çalışıb.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, bu cür açıqlamalar münasibətlərin normallaşmasına deyil, əksinə, gərginləşməsinə səbəb olan amillərdəndir: 

" Rusiyada Zatulin və Zatulin tipli şəxslərin açıqlamalarını görürük. Bu şəxslərin heç birinin Rusiya siyasi hakimiyyətinin razılığı olmadan belə bəyanatlar səsləndirdiyini düşünmürük. Zatulin və onun kimilər erməni diasporasının vəsaitlərindən istifadə edir və həmin diasporanın Rusiyadakı nökərlərindən biri kimi çıxış edir. O, Azərbaycana, Türkiyəyə qarşı,  islama qarşı fobiyası olan bir şəxsdir və çox hallarda Rusiya rəsmi dairələrinin deməyə cəsarət etmədiyi fikirləri məhz belə şəxslərin - xüsusilə də Zatulinin dili ilə səsləndirməkdədir. Bu təhdidlərin hansısa nəticə verəcəyini düşünmürəm. Azərbaycan bu cür şantaj və təzyiqlərə qarşı müvafiq müqavimət göstərə biləcək gücdədir.
Əslində, Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik fəaliyyətinə dair  memorandumun pozulması məhz Rusiya tərəfindən baş verib. Rusiya Azərbaycan təyyarəsini vurmaqla bərabər, Azərbaycanın tələblərini yerinə yetirməyib. Üzrxahlıq etmək əvəzinə, əksinə Azərbaycana qarşı təzyiq və kampaniyalar genişləndirilir. Bu da qəbuledilməzdir. Azərbaycan bu vəziyyətə öz etirazını bildirir. Rusiya tərəfindən Azərbaycan toponimlərinin saxtalaşdırılması və buna cavab verilməsi şübhəsiz ki, Rusiyanın qəzəbinə səbəb olur. Rusiya mediasında Azərbaycanın faşist Almaniyası ilə müqayisə edilməsi isə son dərəcə uğursuz bir bənzətmədir. Çünki Azərbaycanda heç vaxt etnik və dini qruplara qarşı təzyiq olmayıb və belə bir hal tarixi olaraq da yaşanmayıb. Amma Rusiya tarixi isə əksinə, qanlı cinayətlərlə, millətlərin yerindən-yurdundan deportasiyası ilə zəngindir. Bu, utancverici bir tarixdir. Bu cür açıqlamalar münasibətlərin normallaşmasına deyil, əksinə, gərginləşməsinə səbəb olan amillərdəndir. Elə son aylarda da müşahidə edirik ki, Rusiya tərəfində Azərbaycana qarşı şantajlar səngimir. Bütün bunların əsl səbəbi ondan ibarətdir ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanları ciddi şəkildə azalıb. Rusiya isə bölgə ölkələrinə təzyiq göstərməklə, əslində, öz daxilindəki prosesləri nəzarət altına almağa çalışır. Amma seçilən yol və taktika nə Rusiya üçün, nə də bölgədəki münasibətlər üçün hər hansı müsbət nəticə verəcək. Əksinə, bu, münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr