BAKI, TurkicWorld, Nərmin Ağayeva
Türkiyə ilə Suriya arasında iqtisadi körpülər yenidən qurulur.
TurkicWorld xəbər verir ki, Türkiyə və Suriya arasında yeni nəsil hərtərəfli iqtisadi ortaqlıq sazişi istiqamətində danışıqlar başlayıb.
Bu barədə Ticarət naziri Ömər Bolat, Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal Şaar ilə birgə keçirilən Türkiyə-Suriya İqtisadiyyat və Ticarət Birgə Komitəsinin (JETCO) Qurucu Protokolunun imzalanma mərasimində məlumat verib.
Nazir Bolat bildirib ki, yeni iqtisadi tərəfdaşlıq vizyonu çərçivəsində ticarət əlaqələrinin daha da genişlənməsi, gömrük qapılarında modernləşdirmə, logistika imkanlarının artırılması və enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. O, həmçinin Türkiyə-Suriya İş Şurasının yenidən qurulacağını və türk banklarının Suriyada fəaliyyətə başlaması üçün hazırlıqların aparıldığını qeyd edib.
Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal Şaar isə Türkiyəni strateji tərəfdaş adlandıraraq, iki ölkə arasında iqtisadi əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə Suriya arasında 2011-ci ildən dayandırılmış azad ticarət müqaviləsinin əvəzində daha genişmiqyaslı iqtisadi ortaqlıq sazişi hazırlanır.