Əgər qadın özü uşaqlıqda belə hisslərdən məhrum olubsa, ana olanda da bu rolu daşımaqda çətinlik çəkə bilər
Azərbaycanda övladlarına aliment verməyən ana cəzalandırılıb.
“Qafqazinfo”nun məlumatına görə, qadın məhkəmə qərarını icra etməməkdə təqsirli bilinib.
Afət Quliyevanın (ad-soyad şərti) 4 övladına aliment ödəməməsi ilə bağlı keçmiş əri şikayətçi olub. 3-cü qrup əlil olan ər uşaqlarının xərclərini qarşılamaq üçün alimentin ödənilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, A.Quliyeva hər uşaq üçün aylıq 50 manat aliment ödəməlidir. Çünki o, uşaqlarını atanın yanında qoyaraq ailəni tərk etdiyinə görə məsuliyyət daşıyır. Qadın uşaqlarına aliment vermədiyi üçün daha əvvəl də iki dəfə cəzalandırılıb. Hazırda ödənilməmiş ümumi aliment borcu 6 min manatdır.
Məhkəmədə məlum olub ki, A.Quliyeva yenidən ailə həyatı qurub və Abşeron rayonunda gözəllik salonunda işləyir. Keçmiş əri qadının qanunauyğun şəkildə cəzalandırılmasını xahiş edib. O, aylıq 400 manat maaş aldığını da məhkəmənin diqqətinə çatdırıb.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə anaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.
Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, son illərdə ailə institutunun zəifləməsi, maddi və emosional təzyiqlərin artması, psixoloji dayanıqlığın azalması belə halları artırır:

“Bəzən qadınlar uzun müddət sevgi, diqqət, dəstək görmədikləri mühitdə yaşadıqları üçün tükənmə sindromuna düşürlər. Psixoloji baxımdan, bu zaman insan “davam edə bilmərəm” hissinə qapılır və nəinki ana olmaq, ümumiyyətlə yaşamaq belə çətin gəlir. Əlavə olaraq, bəzi hallarda bu qadınlar da özləri uşaqlıqda travmatik ailələrdə böyüyüblər. Analıq hissi genetik yox, sosial və emosional bir instinktdir. Bu hiss sevgi, təhlükəsizlik və bağlılıqla inkişaf edir. Əgər qadın özü uşaqlıqda belə hisslərdən məhrum olubsa, ana olanda da bu rolu daşımaqda çətinlik çəkə bilər. Analıq hissi ölür demək yerinə, “analıq instinkti zədələnir” desək, daha doğru olar. Travmalar, psixoloji xəstəliklər (xüsusilə doğuş sonrası depressiya, şəxsiyyət pozuntuları və s.), dəstək sisteminin olmaması bu instinkti zəiflədir. Ana olmaq fədakarlıq tələb edir. Əgər qadın özü psixoloji baxımdan parçalanıbsa, bu zaman fədakarlıq etmək üçün enerjisi qalmır.
Əvvəla, qadınların psixoloji dəstəklə təmin olunması vacibdir. Ailə qurmazdan öncə və ailə həyatında psixoloji maarifləndirmə, konsultasiyalar mütləq olmalıdır. Ailə içində yük təkcə qadının üzərində olmamalıdır. Cəmiyyət analığın müqəddəsliyini təkcə ideallaşdırmaqla yox, dəstək sistemləri yaratmaqla da qorumalıdır. Uşaq atmaq, alimentdən yayınmaq bunlar sadəcə hüquqi yox, dərin psixoloji səbəbləri olan problemlərdir. Bu insanları təkcə qınamaq yox, bu vəziyyətə necə gəldiklərini də analiz etmək lazımdır”.