ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ermənista tərəfi avqustun 4-ü saat 13:10 radələrində Sünik (Zəngəzur-red.) rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikintisi aparan ekskavatora guya Azərbaycan Ordusu tərəfindən atəş açıldığı barədə saxta məlumatlar yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları təkzib edib.
Sözügedən iddianın məhz Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə dair yayılan xəbərlər fonunda ortaya atılması diqqət çəkir. Bəzi analitiklərin fikrincə, rəsmi İrəvan bununla beynəlxalq arenaya bölgədə eskalasiya riskinin qaldığını göstərməyə çalışır.
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ABŞ-da keçirilməsi gözlənilən görüş, eləcə də sülh müqaviləsinin imzalanacağına dair yayılan məlumatlara diqqət yetirilməlidir:
“Xarici mediada yayılan xəbərlərə əsasən, tərəflər arasında “niyyət protokolu”nun imzalanması planlaşdırılır. Lakin hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxan tərəflər də var. Onlardan biri Rusiyadır. Bundan əlavə, Ermənistanda Paşinyan hökumətinə qarşı ciddi proseslər baş verir. Ordu daxilində müxalif düşüncəli və Rusiyaya bağlı qüvvələr mövcuddur. Prezident İlham Əliyevin son çıxışlarından da aydın olur ki, Ermənistanla sülh müqaviləsinin demək olar bütün şərtləri razılaşdırılıb. Amma bu, təkcə iki ölkənin qərarı ilə bitmir. Region uğrunda ciddi geosiyasi mübarizə gedir, Qərb və Rusiya arasında toqquşma müşahidə olunur və belə bir şəraitdə bu kimi hadisələrin baş verməsi mümkündür”.
Həmçinin oxuyun:
Hacıyev dəhlizlə bağlı yalanı belə ifşa etdi: “Gizli” sənəddə nə yazılıb? – Bakıdan Ağ Evə MESAJ
Səxavət Məmməd
Ekspertin fikrincə, ABŞ-da görüşün baş tutması fonunda Ermənistan və Azərbaycanın müdafiə nazirliklərinin bir-birini təkzib edən açıqlamalar verməsi gözlənilən idi:
“Brüssel və Vaşinqton formatlarında keçirilən əvvəlki görüşlər zamanı da oxşar hallar müşahidə olunub. Hətta planlaşdırılmış görüşlərin baş tutduğu dövrlərdə də Ermənistan tərəfindən bu tip təxribatların törədilməsi ehtimalı yüksək olub. Regionda ciddi mübarizə gedir. Moskva açıq şəkildə həm Bakını, həm də İrəvanı təhdid edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, tərəflər NATO ilə sıx münasibətləri olan ölkələrin aqibətindən nəticə çıxarmalıdırlar. Məncə, yeni təxribatların baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Lakin burada hər iki ölkənin siyasi iradəsindən çox şey asılıdır. Əgər təxribatların qarşısı alınmasa, yeni problemlərin yaranması qaçılmaz olacaq”.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.