TBİLİSİ, 5 avqust. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
A. Hacıyev Gürcüstan, Azərbaycan və Türkiyənin QDİƏT-də xüsusi rolunu qeyd edərək üç ölkə arasında gələcək səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə QDİƏT Baş Assambleyasının bu ilin noyabrında Bolqarıstanda keçirilməsi planlaşdırılan sessiyası müzakirə olunub. Toplantıda QDİƏT PA-ya sədrlik Bolqarıstandan Gürcüstana keçəcək, Gürcüstan parlamentinin sədri isə QDİƏT PA-nın prezidenti olacaq.
Ş.Papuaşvili Gürcüstanın QDİƏT PA-ya sədrliyi böyük məsuliyyətlə üzərinə götürəcək və Parlament Assambleyasının fəaliyyətinə fəal rəhbərlik edəcək.
Görüşdə, həmçinin Qara dəniz regionunda Orta Dəhlizin potensialının reallaşmasına töhfə verəcək sülh və sabitliyin vacibliyi vurğulanıb.