20 avqust 2025-ci il tarixindən etibarən ABŞ pilot proqrama başlayacaq və bu proqram çərçivəsində müəyyən ölkələrdən olan turistlər və işgüzar səyahətçilər viza üçün müraciət edərkən 5000-15000 ABŞ dolları arasında depozit qoymalı olacaqlar.
Ulusal.az xarici mediaya istinadla xəbər verir ki, ərizəçi vaxtında ölkəni tərk edərsə və viza rejimini pozmazsa, depozit geri qaytarılacaq.
ABŞ artıq 2020-ci ildə oxşar təcrübə tətbiq etməyə çalışıb, lakin sonra pandemiya və beynəlxalq səyahətlərin azalması səbəbindən tətbiq dayandırılıb.
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, tədbir viza pozuntularının yüksək faizi, təhlükəsizlik sistemi zəif olan və ərizəçilərin məlumatlarının yoxlanılması ilə bağlı problemləri olan ölkələrin vətəndaşlarına təsir edəcək.
Ölkələrin konkret siyahısı hələ dərc olunmayıb. Bunun avqustun 20-dək ediləcəyi vəd olunur. İlkin hesablamalara görə, proqram əsasən az turist axını olan ölkələrdən 2 minə yaxın insanı əhatə edəcək.
Bundan əlavə, Birləşmiş Ştatlar 2025-ci il oktyabrın 1-dən yeni məcburi rüsum – viza dürüstlük haqqını tətbiq edəcək. İndi qeyri-immiqrasiya vizalarına (turizm vizaları daxil olmaqla) bütün müraciət edənlər standart konsulluq rüsumu olan 185 dollardan başqa, əlavə olaraq 250 dollar ödəməlidirlər. Vizanın ümumi dəyəri 435 dollar təşkil edəcək və gələcəkdə inflyasiya nəzərə alınmaqla məbləğ arta bilər.Musavat.com