Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin istehsal etdiyi məhsulların “Azexport” portalı üzərindən beynəlxalq bazarlara çıxış imkanı yaradılıb.
“Azexport”un məlumatına görə, hazırda portal üzərindən müəssisənin istehsal etdiyi daxili və xarici məkanlar üçün nəzərdə tutulan tikinti kimyəviləri, polistirol tərkibli istilik izolyasiya materialları, müxtəlif hava şəraitinə uyğun beton qatqıları təqdim olunur.
Bu məhsullar həmçinin Alibaba başda olmaqla bir sıra aparıcı beynəlxalq elektron ticarət platformalarında da yerləşdirilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında yerləşən və “Kartaş Kimya” MMC-yə məxsus olan yeni zavod cari ilin aprel ayında istifadəyə verilib. Zavodun fəaliyyəti ölkədə istehsal olunan məhsulların çeşidinin artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalına, eyni zamanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixracın genişləndirilməsinə xidmət edir.