AZ

Qazaxıstanda superkompüter vasitəsilə malların qiyməti proqnozlaşdırılacaq

Astana, 5 avqust, AZƏRTAC

Superkompüter Qazaxıstanda malların qiymətlərini proqnozlaşdıracaq. Bu barədə “Qazaxtelecom” ASC İdarə Heyətinin sədri vəzifəsini icra edən Abılayxan Ospanov bildirib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, onun sözlərinə görə, superkompüterin resursları ticarət axınlarının və dövlət tənzimlənməsinin təhlili üçün istifadə olunacaq.

“Böyük həcmli məlumatların idarə edilməsi, ticarət fəaliyyətlərində süni intellektin tətbiqi, proqnozların verilməsi və ticarətin dövlət tənzimlənməsinin həyata keçirilməsi üçün biz superkompüterin imkanlarından istifadə etməyi təklif edirik. Bu, “NVIDIA H200” qrafik prosessorları əsasında qurulmuş Mərkəzi Asiyada ən güclü kompüterdir. Ticarət Nazirliyinin himayəsi altında və lazımi məlumat mənbələrini məlumat bazasına qoşmaqla biz lazımi məlumatları yükləyə biləcəyik. Bu superkompüterdə məlumatların toplusu dövlət qurumları və ticarət sektorunun iştirakçıları üçün süni intellekt üzrə məsləhətçiləri təqdim etməyə imkan verəcək”, - deyə Qazaxıstan rəsmisi qeyd edib.

Abılayxan Ospanov bildirib ki, superkompüter Milli Statistika Bürosu və Maliyyə Nazirliyindən məlumat toplayacaq. Yeni sistem ixrac və idxalın proqnozlaşdırılmasına, əmtəə qiymətlərinin monitorinqinə, onların artım risklərinin qiymətləndirilməsinə və ticarət sahəsində dövlət tənzimlənməsinin səmərəliliyinin artırılmasına imkan verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
3
1
azertag.az

2Mənbələr