Ukrayna tərəfi beynəlxalq komponent tədarükünün qarşısının alınmasını tələb edir...
Poliqon xəbər verir ki,Hindustan Times nəşri Rusiya tərəfindən istifadə olunan İran istehsalı “Shahed-136” kamikadze dronlarında Hindistan mənşəli elektron komponentlərin aşkarlandığını yazıb. Məşr Ukrayna rəsmilərinə istinadla qeyd edir ki, sözügedən detallar “Vishay Intertechnology” və “Aura Semiconductor” şirkətlərinə məxsusdur və ya Hindistanda istehsal edilib, ya da orada yığılıb.
Məsələ ilə bağlı açıqlama verən Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Hindistanın ikili təyinatlı məhsullar üzrə ixracı ölkənin beynəlxalq nüvə yayılmaması öhdəliklərinə tam uyğundur. “Biz belə ixracın milli qanunvericiliyə zidd olmaması üçün hərtərəfli yoxlama aparırıq,” – deyə rəsmi əlavə edib.
Adıçəkilən şirkətlər də məsələyə münasibət bildirərək, bu cür halların təsdiqlənəcəyi təqdirdə zəruri tədbirlərin görüləcəyini vurğulayıblar.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, “rusların başqa ölkələrdən komponent əldə etməsinin qarşısı alınmalıdır”. O, eyni zamanda Hindistanın Rusiya neftini almaq siyasətinə də toxunaraq qeyd edib: “Rusiyanın enerji resurslarını almaq – bu müharibənin maliyyələşdirilməsidir və sülhə xidmət etmir.”
Poliqon.info