ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Antalya bölgəsində gecə saatlarında baş verən maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, “Tesla” markalı avtomobillə qəbristanlığa daxil olan sürücü avtomobilin ekranında “insan aşkarlama” xəbərdarlığını gördükdən sonra təşvişə düşüb və həmin anı mobil telefonu ilə qeydə alıb.
Sürücü iddia edib ki, avtomobil qəbristanlıqda yeni basdırılmış insan qalıqlarını aşkarlayıb. Görüntülərdə onun “Maşın təzə basdırılmış insanları aşkarlayır” sözləri diqqət çəkib. Qısa müddətdə sosial şəbəkələrdə yayılan video izləyiciləri iki yerə bölüb: bir qrup bunun fövqəltəbii hadisə olduğunu düşünsə də, digər qrup məsələyə texniki yanaşıb.
Məsələ ilə bağlı mütəxəssislər bildiriblər ki, bu, “Tesla” avtomobillərindəki FSD (Full Self-Driving) sistemindəki texniki xətadan qaynaqlana bilər. Onların sözlərinə görə, avtomobilin toqquşmadan yayınma və ətraf mühiti tanıma sistemləri gecə vaxtı qəbir daşlarını və əks etdirici obyektləri insan fiquru kimi təyin edə bilər. Bu da ekranlarda insan siluetlərinin görünməsinə səbəb olur.
Ekspertlər hadisənin fövqəltəbii deyil, sırf texniki səbəblərlə bağlı olduğunu təsdiqləyiblər.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.