BAKI, 5 avqust. TELEQRAF
ABŞ Co Baydenin prezidentliyi dövründə Kiyevin əsas müttəfiqi və sponsoru kimi Ukraynadakı müharibədə iştirak edib. Prezident Donald Trampın dəfələrlə bunun “Bayden müharibəsi” olduğunu bəyan etməsinə baxmayaraq, onun son qərarları baş verənləri “Trampın müharibəsi”nə çevirib.
Teleqraf xəbər verir ki, bu barədə CNN-in analitik təhlilində deyilir.
“Trampın son iki həftədə verdiyi qərarlar Ukraynadakı müharibəni öz probleminə çevirdi. O, Putinin sülh istəmədiyini, Ukraynanın təcili silaha ehtiyacı olduğunu gördü və kömək etməyə çalışdı. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin nüvə silahı ilə bağlı daha ciddi təhdidlərinə cavab olaraq, diqqətçəkən addım atdı. Amerika nüvə sualtı gəmilərini Rusiya yaxınlığında yerləşdirməklə ABŞ bir aydan az müddətdə Ukraynaya hərbi yardımı kəsməkdən Rusiyaya qarşı nüvə silahı ilə təhdidlərə qədər gözlənilməz gediş elədi”, - mənbə bildirib.
CNN qeyd edib ki, ötən həftə Putinə verilən ultimatumun müddəti başa çatdıqdan sonra Tramp münaqişə ərzində bu günə qədər bəlkə də ən mühüm qərarını qəbul etməli olacaq:
“ABŞ prezidenti Rusiyanın enerji istehlakçılarına qarşı sanksiyalar tətbiq edə bilər və bu, həqiqətən də ağrılı olardı”.
Qeyd edək ki, Donald Trampın Ukrayna ilə razılaşma üçün Vladimir Putinə verdiyi 10 günlük müddət avqustun 8-də başa çatacaq.