Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin Türkmənistanda keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında çıxışı zamanı bir neçə təşəbbüs irəli sürüb.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev konfransda müzakirə olunan məsələlərin həyati əhəmiyyəti olduğunu vurğulayıb, çünki dəniz limanlarından coğrafi uzaqlıq və bir neçə ölkənin ərazilərindən keçmək zərurəti bir sıra obyektiv problemlər yaradır. Onların arasında yüksək tariflər, nəqliyyat dəhlizlərinin və infrastrukturun imkanlarının məhdudluğu, eləcə də digər ölkələrin gömrük və tranzit siyasətindən asılılıq var.
Özbəkistan Prezidenti deyib: “Dünya Bankının məlumatına görə, yüksək nəqliyyat xərcləri və tranzitin qeyri-sabitliyi səbəbindən Mərkəzi Asiya regionu hər il ÜDM-in 2 faizinə qədərini itirir. Logistika xərcləri malların dəyərinin 60 faizini təşkil edir ki, bu da qlobal orta göstəricidən bir neçə dəfə yüksəkdir. Bu baxımdan, yeni etibarlı tranzit dəhlizlərinin və logistika infrastrukturunun inkişafı Mərkəzi Asiyada davamlı tərəqqinin mühüm şərtinə çevrilir”.
Şavkat Mirziyoyev bildirib ki, bu kontekstdə üç əsas şərtin yerinə yetirilməsi vacibdir. O əlavə edib: “Bu, dayanıqlı inkişafın əsası kimi infrastrukturun modernləşdirilməsi, tranzit problemlərinin qarşısının alınması məqsədilə əlaqənin gücləndirilməsi və qlobal bərabərliyin əsas elementi kimi inkişaf hüququnun həyata keçirilməsidir. Bu gün regionda vahid nəqliyyat-logistika məkanı formalaşır. Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimal və Cənub arasında tamhüquqlu tranzit qovşağına çevrilməsinə yönəlmiş proqram və layihələr həyata keçirilir. Son illər ticarət dövriyyəsi 4,5 dəfə artaraq 11 milyard dollardan çox olub. İnvestisiyalar 2 dəfə, birgə müəssisələrin sayı isə 5 dəfə artıb. Bu il tərəfdaşlarla birlikdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanılıb, Özbəkistan-Türkmənistan-İran-Türkiyə nəqliyyat dəhlizi ilə yükdaşımaları əhəmiyyətli dərəcədə artıb”.
Dənizə çıxışı olmayan ölkələrin ümumi çağırış və problemlərinin aradan qaldırılması üçün Özbəkistan Prezidenti bir sıra konkret təkliflər və təşəbbüslər irəli sürüb. O, ilk növbədə, beynəlxalq nəqliyyat dəhlizlərinin və infrastrukturunun sürətli inkişafı üçün əlaqələndirilmiş fəaliyyətin zəruriliyi qeyd edib. Bu kontekstdə Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsinin icrasının sürətləndirilməsinin və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə birləşdirilməsinin vacibliyini vurğulayıb.