Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Aysun Kərimova London Universitet Kollecində “Xüsusi və inklüziv təhsil” magistr proqramına qəbul olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Aysun Kərimova təhsilini Azərbaycan Respublikası tərəfindən həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində davam etdirəcək.
2004-cü ildə Bakı şəhərində anadan olan Aysun Kərimova orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Akademik göstəricilərinə görə məktəb rəhbərliyi tərəfindən təqdirnamə və təşəkkürnamə ilə təltif edilib.
Ali təhsilini Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuran Aysun Kərimova 610 bal nəticəsi və bu ixtisasa olan prioritet seçimi sayəsində Elm və Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Universitetdə təhsil aldığı müddətdə Böyük Britaniyanın Essex Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına da qəbul alaraq təhsilini beynəlxalq standartlara uyğun şəkildə davam etdirib.
Pedaqoji fəaliyyətə birinci kursdan başlayan Aysun Kərimova ikinci kursda 120 saatlıq beynəlxalq TESOL sertifikatlaşdırma proqramını uğurla başa vurub və 98 bal ilə qrup üzrə ən yüksək nəticəni əldə edib. Daha sonra Kembric TKT imtahanlarının üç modulunu da müvəffəqiyyətlə tamamlayıb.
O, eyni zamanda, müəllimlik və inklüziv təhsil sahəsində yerli və beynəlxalq səviyyəli çoxsaylı təlim və seminarların iştirakçısı olub, müxtəlif intellektual yarış və olimpiadalarda fəal iştirak edib. 2023/2024-cü tədris ilinin qış semestrində 99.7 GPA ilə fakültə üzrə ən yüksək nəticəyə imza atıb və ADU-nun rektoru akademik Kamal Abdulla tərəfindən fəxri fərmanla təltif olunub.
İnklüziv təhsilin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan Aysun Kərimova bu sahədə beynəlxalq təcrübə əldə etməyi hədəfləyir. O, London Universitet Kollecində qazanacağı bilik və bacarıqların gələcəkdə Azərbaycanda keyfiyyətli və hər kəs üçün əlçatan təhsilin formalaşmasında əhəmiyyətli rol oyayacağına inanır.
Aysun Kərimova uğurlarında əməyi olan valideynlərinə, müəllimlərinə və ADU rəhbərliyinə təşəkkürünü bildirib: “İlk növbədə, valideynlərimə – məni düzgün istiqamətləndirdikləri, təhsil yolunda hər zaman yanımda olduqları və bütün qərarlarıma sonsuz dəstək göstərdikləri üçün dərin minnətdarlığımı ifadə edirəm. Eyni zamanda, mənim üzərimdə böyük əməyi olan bütün məktəb və universitet müəllimlərimə, ADU-nun rəhbərliyinə, xüsusilə rektorumuz akademik Kamal Abdullaya verdiyi dəstəyə görə təşəkkür edirəm. Onların inamı və diqqəti bu uğura gedən yolun açılmasında mühüm rol oynayıb”.